YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində şərəfli səhifələrdən biridir

Yanvarın 11-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, müşavirədə Dövlət Komitəsinin Mərkəzi Aparatı və bölgə şöbə müdirləri iştirak ediblər.

Müşavirədə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına diqqəti cəlb edib. Qeyd edib ki, dövlətimizin başçısı nitqində ötən il Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan önəmli addım adlandırıb və 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb olduğunu vurğulayıb.

Dövlət Komitəsinin sədri “İslam Həmrəyliyi İli”nin İslamın əsl mahiyyətini özünə qaytarmaq, onu sülh və sabitlik ideyalarının tərənnümçüsünə çevirmək baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, bu istiqamətdə həm ölkə daxilində, həm də ölkə xaricində çoxsaylı tədbirlərin həyata keçirildiyini deyib. Bu tədbirlərin Azərbaycanın İslam dünyasında gedən proseslərdə mövqeyini nümayiş etdirdiyini, İslam həmrəyliyinə, bütövlükdə dünyada sülh, əmin-amanlıq və əməkdaşlığa müsbət təsir göstərdiyini qeyd edib.

Hesabat dövründə dini sahədə bir sıra məsələlərin müsbət həllinə nail olduğunu bildirən Mübariz Qurbanlı ötən il Prezident İlham Əliyevin Fərmanı ilə DQİDK–nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasına da diqqət çəkib. O, Fondun yaradılması haqqında müvafiq Fərmanın imzalanmasının milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə hər zaman yüksək qiymət və dəstək göstərən dövlətimizin başçısının Dövlət Komitəsinə olan yüksək etimadının göstəricisi olduğunu deyib.

Mübariz Qurbanlı dövlətimizin başçısının 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi haqqında Sərəncam imzaladığını qeyd edib. O, bu il çərçivəsində Dövlət Komitəsinin Tədbirlər Planına uyğun olaraq görüləcək işlərdən danışıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində şərəfli səhifələrdən biridir. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə yaradılan respublika üsul-idarəli ilk dövlət idi. Mövcud olduğu dövr ərzində Azərbaycan xalqının taleyüklü məsələlərinin həlli istiqamətində, eləcə də insan hüquq və azadlıqlarını özündə ehtiva edən bir sıra mühüm qanunlar qəbul olunmuşdur. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi çox böyük tarixi hadisədir və Prezidentimizin Azərbaycanın dövlətçilik tarixinə verdiyi yüksək dəyərdir.

Sonra Dövlət Komitəsinin 2018-ci il üçün fəaliyyət planı müzakirə olub. Qarşıya qoyulan məqsədlər, görüləcək işlər, problemlər, perspektivlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv