Xəbərlər
Mehriban Əliyeva: 2017-ci il bütün Azərbaycan xalqı üçün uğurlu oldu
“2017-ci il sizin hər biriniz üçün, bütün Azərbaycan xalqı üçün uğurlu oldu. Ölkəmizdə abadlıq, quruculuq işləri davam edir, şəhərlərimiz, kəndlərimiz, regionlarımız gözəlləşir, inkişaf gedir. Bildiyiniz kimi, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmuşdu. Azərbaycan İslam aləminin ayrılmaz hissəsidir. Biz öz dinimizə, tariximizə, mədəniyyətimizə böyük hörmətlə, böyük diqqətlə yanaşırıq. Eyni zamanda, biz dünyaya açıq ölkəyik. Biz digər dövlətlərlə əməkdaşlığımızı qardaşlıq və qarşılıqlı hörmət əsasında qurmaq istəyirik. Bildiyiniz kimi, bu il paytaxtımızda IV İslam Həmrəyliyi Oyunları böyük uğurla keçdi, idmançılarımız bizi dəfələrlə sevindirdilər, bizim bayrağımız ucaldı, himnimiz səsləndi. Eyni zamanda, bu Oyunlar bütün İslam ölkələrinin nümayəndələrini bir araya gətirərək əsl həmrəylik bayramı oldu, əsl dostluq və qardaşlıq təntənəsinə çevrildi.” Bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 29-da Heydər Əliyev Fondunun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində təşkil etdiyi uşaqlar üçün ənənəvi şənlikdə çıxışı zamanı səsləndirib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva qeyd edib ki, 2017-ci ildə təkcə Azərbaycan üçün yox, bütün region üçün çox vacib irimiqyaslı layihələr həyata keçirildi: “Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi, “Əsrin kontraktı”nın 2050-ci ilə qədər davam edəcək ikinci mərhələsinə imza atıldı. Digər sahələrdə işlər davam edir. Biz qarşımızdakı məsələləri ardıcıl olaraq həll edirik, problemləri aradan qaldırırıq. Ölkəmizdə yeni məktəblərin, uşaq bağçalarının tikintisi və təmiri davam edir, uşaqların ən yüksək səviyyədə təhsil alması üçün bütün şəraitlər yaradılıb. Bakı şəhərimiz gündən-günə gözəlləşir. Regionlarımız gözəlləşir, yeni yollar salınır, ölkəmiz abadlaşır.”