Xəbərlər
Kestutis Yankauskas: Avropa İttifaqı “Cənub Qaz Dəhlizi” layihəsinin başa çatmasını səbirsizliklə gözləyir
Avropa İttifaqı (Aİ) “Cənub Qaz Dəhlizi” layihəsinin başa çatmasını səbirsizliklə gözləyir.
Bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
“Cənub Qaz Dəhlizi” layihəsinin strateji əhəmiyyətini vurğulayan K.Yankauskas qeyd edib ki, Avropa İttifaqı layihənin başa çatmasını səbirsizliklə gözləyir: “Bu layihə Aİ-nin enerji resurslarının şaxələndirilməsi sahəsində yürütdüyü siyasətə tamamilə uyğundur. Layihə Avropanı alterativ marşrut vasitəsilə alternativ enerji mənbələrindən təbii qazla təmin edir ki, bu da geniş təqdir olunur”, - deyə o əlavə edib.
Alternativ enerji mənbələri mövzusuna toxunan K.Yankauskas “yaşıl enerji” sahəsinin Avropa İttifaqının prioritetlərindən biri olduğunu qeyd edib. “Aİ-nin hazırda dəstək göstərdiyi layihələrdən biri Bakı limanının “yaşıl liman”a çevrilməsinə yardım etməkdir”, - deyə o çıxışına davam edib.
Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.