YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: 2018-ci ildə Azərbaycan iqtisadiyyatında 1,5 faiz artım gözlənilir

2017-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu bir il olub, cari il sabitləşmə ili kimi yadda qalacaq.

Bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bu il Azərbaycanda 2015-2016-cı illərdə xarici şoklara məruz qaldığı zaman yaranan problemlərin həlli ilə məşğul olunub, ölkə iqtisadiyyatının, makroiqtisadiyyatın sabitləşdirilməsinə səylər göstərilib.

“Artıq məmnunluqla qeyd etmək olar ki, Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü tədbirlər öz nəticələrini verib. Belə ki, artıq 11 ayın yekunlarına görə, iqtisadiyyatda sabitləşmə baş verib. Əvvəlki illə müqayisədə ölkənin iqtisadi vəziyyəti daha sabitdir. Yəni makroiqtisadi sabitlik bərqərar olunub”, - deyə nazir bildirib.

Samir Şərifov bildirib ki, 2017-ci ildə iqtisadiyyatda yaranmış geriləmənin aradan qaldırılması istiqamətində görülən işlər 2018-ci ildə də davam etdiriləcək: “Qəbul edilmiş dövlət büdcəsi bunun üçün münbit şərait yaradır. İlk növbədə ona görə ki, artıq İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış makroiqtisadi proqnoza görə, ölkə iqtisadiyyatının növbəti ildə 1,5 faiz artacağı gözlənilir. Artımın əksər hissəsi qeyri-neft sektorunun payına düşəcək. Bu vacib bir göstəricidir. Çünki cari ildə də qeyri-neft sektoru 22,4 faiz artıb, lakin neft sektorunda bizdə bir qədər geriləmə var”. Onun sözlərinə görə, ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə yaxınlaşmaq üzrədir və bu proses davam edəcək.

“Prinsip etibarı ilə neft sektorunda azalma mövcuddur. Bu təbii haldır. Çünki bəzi neft yataqlarımızın istismar müddəti başa çatmaqdadır. Və şübhəsiz ki, orada olan neft ehtiyatları bir qədər tükənir. Bu sektorda müəyyən geriləmə qaçılmazdır”, - deyən nazir xatırladıb ki, OPEC ölkələri və ona üzv olmayan ölkələr neftin qiymətinin ədalətli səviyyələrdə sabitləşdirilməsi üçün bir sıra təbirlər görüb. “Azərbaycan da bu proseslərə qoşularaq neft hasilatını bir qədər azaltmağa qərar verib. Bu da öz təsirini göstərir. Nəticə etibarı ilə, qeyri-neft sektorunun artması və neft sektorunun azalması gözlənilir”, - deyə nazir vurğulayıb.

Samir Şərifov bildirib ki, dövlət başçısı hökumətə Azərbaycanda qeyri-neft sektorunun inkişafına nail olunmasını tapşırıb: “Çünki biz neftdən asılı qala bilmərik. Biz həm neftlə bağlı qiymət şoklarının şahidi olmuşuq. Şübhəsiz ki, bu ölkə iqtisadiyyatları üçün çox böyük problemlər yaradır. Yəni burada təkcə Azərbaycandan söhbət getmir. Bütün neft hasil edən ölkələr bu şoklarla üzləşib və bu onların iqtisadiyyatında mənfi nəticələrə gətirib çıxarıb. Ona görə də, əsas strateji yol ondan ibarətdir ki, biz neft üzərində qurulmuş iqtisadiyyatdan, qeyri-neft sahəsi üzərində qurulmuş iqtisadiyyata keçidi təmin edək və bunu mümkün qədər qısa müddətə edək”.

 

DİGƏR Xəbərlər Arxiv