Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib
Dekabrın 26-da Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.
Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəldi.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamladı.
Sonra MDB dövlət başçıları birgə foto çəkdirdilər.
Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü oldu.
Rusiya Prezidenti Vladimir PUTİN bu görüşün MDB çərçivəsində il ərzində görülən işlərə yekun vurmaq, perspektivdə olan planlar haqqında danışmaq, regional və beynəlxalq əhəmiyyətli aktual məsələləri müzakirə etmək baxımından gözəl imkan olduğunu bildirdi. Vladimir Putin MDB-yə sədrliyi dövründə Rusiyanın səylərinin qurumun beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə, birlik orqanlarının işinin səmərəliliyinə yönəldildiyini diqqətə çatdıraraq dedi:
-Əsas diqqət malların, xidmətlərin daşınmasında maneələrin aradan qaldırılmasına və gömrük prosedurlarının sadələşdirilməsinə yönəlmişdir. Qeyd edim ki, cari ildə MDB ölkələri arasında əmtəə dövriyyəsində böyük artım qeydə alınıb. Bu ilin 10 ayının yekunlarına görə, bu rəqəm dörddəbir dəfədən çox - 25,7 faiz artıb və demək olar ki, 117 milyard dollara çatıb. Məlumat üçün deyim ki, bütün 2016-cı il ərzində bu göstərici 94 milyard dollar təşkil edib. Təxminən həmin səviyyədə də, yəni, 24 faiz MDB-nin üçüncü ölkələrlə mal dövriyyəsi artıb. Birliyin hüquq-müqavilə bazası möhkəmlənib. İnnovasiyalar, nüvə energetikası, nəqliyyat təhlükəsizliyi sahələrində sazişlər qüvvəyə minib. Saxta məhsulların yayılmasına qarşı, əqli mülkiyyətin qorunması ilə bağlı sənədlər qəbul olunub. Vacib bir saziş - MDB çərçivəsində xidmətlərin azad ticarəti üzrə saziş üzərində iş tamamlanmaqdadır. Birlik ölkələri terrorçuluq, transsərhəd cinayətlər, narkotrafikə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyəti gücləndirirlər. May ayında Tacikistanda MDB xüsusi xidmətlərinin “Düşənbə - antiterror 2017” mövzusunda irimiqyaslı təlimləri keçirilib. Korrupsiyaya, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə üzrə əməkdaşlığın konsepsiyaları işlənib hazırlanıb və bəyənilib.
Vladimir Putin humanitar sahədə əməkdaşlığın möhkəmləndiyini, gənclər siyasəti, təhsil, səhiyyə, mədəniyyət, idman və turizm sahələrində uğurlu layihələrin reallaşdırıldığını dedi. Rusiya Prezidenti vurğuladı ki, MDB dövlətləri dünyada beynəlxalq hüquq norma və prinsipləri əsasında ədalətli qlobal dünya nizamının qurulmasını dəstəkləyir və bundan sonra da ölkələrin sabitliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsi naminə birgə çalışacaqlar. Vladimir Putin əmin olduğunu bildirdi ki, MDB çərçivəsində müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi ölkələrimizin, xalqlarımızın əsas maraqlarına cavab verir. Rusiya Prezidenti çıxışının sonunda yanvarın 1-dən MDB-yə sədrliyin Tacikistana keçdiyini bəyan etdi.
Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEV MDB ölkələrində sülh və əmin-amanlığın hökm sürdüyünü müsbət hal kimi dəyərləndirdi. O, 2017-ci ilin ağır olduğunu, Rusiyaya qarşı qeyri-qanuni sanksiyaların davam etdiyini, lakin bu ölkənin Suriyada müvəffəqiyyət qazandığını bildirərək dedi:
-Siz Suriya hökumətinin xahişi ilə “İraq Şam İslam Dövləti” qruplaşmasının dəf olunmasında iştirak etmək məcburiyyətində qaldınız və bu prosesi uğurla başa çatdırdınız. Bu, Sizin şəxsi rəhbərliyiniz altında həyata keçirildi. Mən Sizi səmimi qəlbdən təbrik edirəm. Bu, rusiyalılar üçün, bizim hamımız üçün, bütün dünya üçün çox vacib idi. Siz bu haqda orada - yerindəcə, hərbi bazada olanda danışmışdınız. Vacib hadisə həm də ondan ibarətdir ki, Özbəkistanda yeni Prezident Şavkat Mirziyoyev bir ildir çalışır. Sooronbay Jeenbekov ilk dəfədir ki, Prezident qismində burada iştirak edir. Bu, bizim hamımız üçün böyük hadisədir. Xoş haldır ki, 2017-ci ildə MDB ölkələrində sülh, əmin-amanlıq hökm sürürdü, insanlar sabit şəraitdə yaşayıb işləyir, övladlarını böyüdürdülər və gələcəklərinə əmin idilər. Sizin qeyd etdiyiniz kimi, dünyada iqtisadiyyatın konyukturası dəyişilir, amma ölkələrimiz arasında ticarət dövriyyəsi dörddəbir dəfədən çox olub. İkitərəfli ticarətdə isə daha çox artım var. Ancaq dünyada və bizdə ağır meyillər mövcuddur, biz sakitləşməməliyik, gələn il çox vacib ildir, Rusiyada seçkilər olacaq. Vladimir Vladimiroviç, düşünürəm, biz hamımız yekdil fikirdəyik ki, Sizə uğurlar arzulayaq. Bilirik ki, Rusiya xalqı sizin rəhbərliyinizə məhz bu ağır dövrdə böyük dəyər verir.
Belarus Prezidenti Aleksandr LUKAŞENKO MDB ölkələri arasında qurulan iqtisadi əlaqələrin genişləndirilməsinin böyük uğur olduğunu deyərək, bildirdi ki, bu, son illərdə görülən işlərin nəticəsidir. Aleksandr Lukaşenko Rusiya ilə bağlı bir çox məsələlərin dərin narahatlıq yaratdığını vurğulayaraq dedi:
-Bu, Cənubi Koreyada olimpiada ilə bağlıdır. Siz bizim mövqeyimizi bilirsiniz. Burada iştirak edən dövlət başçıları da bizimlə həmrəydir. Biz Rusiya idmançılarına və Rusiya Federasiyasına bu cür münasibəti qətiyyətlə qəbul etmirik. Biz sizi tam dəstəkləyirik. Bir misal gətirim, Belarus idmançıları, xüsusən də bizim avarçəkənlər Rio de Janeyro Olimpiadasına hazırlaşırdılar. Bu, Belarus idmanının güclü istiqamətidir, ancaq bizi kənarlaşdırdılar və sanksiyalar tətbiq etdilər. İki və ya üç aydan sonra biz məhkəmədə haqqımızı əldə etdik. Doğrudan da məhkəmə bizi dəstəklədi, lakin vaxt getmişdi. Biz medalları, ölkənin imicini itirdik, biz bunların hamısından keçmişik. Siz bilməlisiniz ki, bu mübarizədə biz sizi dəstəkləyirik.
Suriya ilə bağlı məsələyə gəlincə, deməliyəm ki, Rusiya Federasiyası məsələyə qarışmasaydı, düşünürəm, bu dövlət, ümumiyyətlə, mövcud olmayacaqdı. Orada görüləcək çox iş var, lakin Rusiyanın oradakı sağlam qüvvələrinin birləşdirilməsi, bu dövlətin möhkəmləndirilməsi və Suriyada milli dialoq konqresinin çağırılması ilə bağlı təşəbbüsü bu ölkədə mövcud olan problemlərin həllinə Sizin dövlətinizin böyük töhfələridir. Biz sizin Qüdslə bağlı mövqeyinizlə həmrəyik. Mən buna qiymət verməkdə çətinlik çəkirəm, çünki səmimi desəm, Donald Trampın Qüdslə bağlı bu qərarını başa düşə bilmirəm. Bu balaca torpaq parçasında çətin zəhmət hesabına əldə olunan sülhü dağıtmaq olmaz. Bu, əsas məsələdir. BMT-nin qərarlarına riayət etmək lazımdır. Burada bizim baxışlarımızın həmrəyliyi üst-üstə düşür. Onu da deyim, burada iştirak edən Orta Asiya ölkələrinin liderləri xəbərdarlıq etdilər ki, Yaxın Şərqdə sıxışdırılan İŞİD terrorçuları Əfqanıstanda peyda olacaqlar. Siz və Rusiyanın Müdafiə Nazirliyi bu yaxınlarda bəyan etmişdiniz ki, bu qüvvələr orada cəmləşir və aydındır nə məqsədlə. Əfqanıstanda bu qarşıdurmanın baş verməsinə yol vermək olmaz, çünki bu, Suriyadan da mürəkkəb olacaq.
Qırğız Respublikasının Prezidenti Sooronbay JEENBEKOV görüşün yüksək səviyyədə təşkilinə görə Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirərək dedi:
-Rusiya tərəfini MDB-yə sədrliyin uğurlu və səmərəli keçməsi, qarşıya qoyulan məqsəd və vəzifələrə nail olunması münasibətilə təbrik edirəm. Bununla yanaşı, Tacikistan Respublikasına MDB orqanlarında qarşıdakı sədrlikdə uğurlar arzulamaq istəyirəm. Əminəm ki, Tacikistanın sədrliyi MDB çərçivəsində əməkdaşlığın gələcək inkişafına öz layiqli töhfəsini verəcək.
Hörmətli dövlət başçıları, hesab edirəm ki, Birlik mövcudluğu dövründə ölkələrimiz arasında səmərəli və hərtərəfli əməkdaşlıq üçün bütün lazımi şəraiti yaradıb. Son iki ildə Birliyin fəaliyyətinin və onun sahə orqanlarının optimallaşdırılması istiqamətində real addımlar atılıb. Düşünürəm ki, həmin proses daimi və fasiləsiz olmalıdır. Çünki belə yanaşma konkret nəticənin əldə olunmasına istiqamətlənən MDB-nin işini daha məzmunlu edəcək.
Hörmətli həmkarlar, bu gün beynəlxalq arenadakı vəziyyət sürətlə dəyişir, yaranan çağırış və təhlükəyə vaxtında reaksiya vermək üçün biz səylərimizi birləşdirməliyik. Yaxın Şərqdəki vəziyyət beynəlxalq cinayət dəstələri tərəfindən terror təhlükəsinin yayılması baxımından hələ də əsaslı təhlükə doğurur. MDB-nin müvafiq qurumları beynəlxalq terror və dini ekstremist təşkilatların fəaliyyətinin maliyyələşdirilməsi və onların muzdlularının dövlət sərhədindən keçirilməsi üçün istifadə edilən narkotiklərin, silahın, döyüş sursatı qaçaqmalçılığının və qanunsuz miqrasiyanın qarşısının alınması üçün lazımi preventiv tədbirlər görməlidir. Mərkəzi Asiyada İŞİD və digər buna oxşar radikal qruplaşmaların ideologiyalarının yayılması güclənir, bizim ölkələrin vətəndaşlarının onların sıralarına cəlb olunması üçün fəal təbliğat aparılır. Hesab edirəm ki, sərhəd təhlükəsizliyi sahəsində MDB ölkələrinin Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatında fəal qarşılıqlı fəaliyyəti olmadan kollektiv təhlükəsizliyi, dövlət sərhədlərinin etibarlı mühafizəsini tam təmin etmək, müasir çağırışların və təhlükələrin əksəriyyətinə qarşı durmaq mümkün deyil. Fürsətdən istifadə edərək, Suriyada hərbi əməliyyatın uğurla yekunlaşması, İŞİD terror qruplaşmasının və digər cinayətkar dəstələrin məhv edilməsi münasibətilə Vladimir Vladimiroviçi təbrik edirəm. Əminliklə deyə bilərəm ki, Rusiya tərəfinin həm hərbi, həm də siyasi-diplomatik sahədə səyləri Suriya xalqında dinc həyata ümid yaradıb.
Sonra Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:
-Hörmətli Vladimir Vladimiroviç, ilk növbədə, dəvətə görə təşəkkürümü bildirmək istərdim. Rusiyada, Moskvada olmaq həmişə çox xoşdur. Sizi MDB-yə sədrliyin uğurla başa çatması münasibətilə təbrik etmək istərdim. Sizin qeyd etdiyiniz kimi, bu il ərzində MDB məkanında inteqrasiya prosesləri üçün xeyli iş görülüb. Əmtəə dövriyyəsinin artması da bizim iqtisadiyyatlarımızın təkcə bərpasının, iqtisadi vəziyyətin sabitləşməsinin deyil, həm də dost ticari-iqtisadi əlaqələrin gələcəkdə möhkəmləndirilməsinin zəruriliyinin göstəricisidir. Biznes həmişə baş verən proseslərə çox dəqiq reaksiya verir və qarşılıqlı investisiyalar, əmtəə dövriyyəsinin artması ölkələr arasında münasibətlərdən heç də az dərəcədə asılı deyil. MDB məkanında müşahidə etdiyimiz müsbət meyillər, şübhəsiz, ticari-iqtisadi sahədə müşahidə etdiyimiz fəallığa təkan vermişdir. Rusiya MDB-də birləşdirici rol oynayır. Sizin rəhbərliyiniz altında Rusiya sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb. Rusiya beynəlxalq arenada böyük nüfuza malikdir və bu gün beynəlxalq məsələlərdə aparıcı rollardan birini oynayır. Sizin rəhbərliyiniz altında sabitlik təmin edilib. Bu sabitlik ictimai razılığa əsaslanır. Rusiya xalqının qarşıdakı prezident seçkilərində düzgün seçim edəcəyi, fikrimcə, Azərbaycanda heç kəsdə şübhə doğurmur. Biz çox yaxşı bilirik ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafı Sizin adınızla bağlıdır. Bu gün bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu münasibətləri hər iki tərəf belə səciyyələndirir və çox müsbət artım dinamikasına malikdir.
İctimai-siyasi sabitlik olmadan uğura nail olmaq mümkün deyil. Biz son illərdə kifayət qədər qanlı hadisələrin, toqquşmaların, ədavətin, dinlərarası qarşıdurmaların, konfessiyalararası ziddiyyətlərin, etnik münaqişələrin şahidi olmuşuq. Buna görə də mövcud beynəlxalq mənzərə bir daha Sizin həyata keçirdiyiniz kursun doğruluğunu göstərir. Bu gün Rusiya sabitləşdirici amildir. Əlbəttə, bir daha demək istəyirəm, yaxın qonşu, dost və tərəfdaş kimi biz, təbii ki, Rusiyada baş verən prosesləri çox maraqla izləyirik. Təəssüf ki, bir çox hallarda beynəlxalq hüququn normalarına riayət olunmur. Bəzən kobud şəkildə pozulur. Bununla da dünyanın nizamı pozulur. O dünya nizamı ki, İkinci Dünya müharibəsi qurtardıqdan sonra yaradılmışdı. Sizin beynəlxalq hüququn normalarına şəxsi sədaqətiniz beynəlxalq hüququn normalarının pozulmasından zərər çəkən bütün ölkələrə ədalətin bərpa olunacağına böyük ümid verir.
Moldova Prezidenti İqor DODON Moldova vətəndaşlarının əksəriyyətinin Rusiya Federasiyası ilə dostluğun və Moldovanın MDB tərkibində qalmasının, həmçinin bəzi inteqrasiya layihələri üzrə irəliyə getməyin tərəfdarı olduğunu diqqətə çatdıraraq dedi:
-Bu il Moldovanın bütün MDB ölkələri ilə ticarətində artım müşahidə olunur. 2017-ci il heç də asan deyildi, Moldova Avropa İttifaqı ilə memorandum imzaladı. Bu addım ilk dəfə idi ki, atılırdı. Bizim çoxtərəfli münasibətlərimizdə də sadə il deyildi. Çünki Moldova Prezidenti MDB çərçivəsində fəal iştirak edir, amma təəssüflər olsun ki, ilin ikinci yarısında hökumət səviyyəsində iştirakla bağlı müəyyən ehtiyatlar var idi. Amma mən Sizi əmin etmək istəyirəm ki, Moldova xalqı başqa cür düşünür. Hələ ki, parlament çoxluğunun düşündüyü kimi fikirləşmir.
Vladimir Vladimiroviç, Rusiya Federasiyasında seçkilər olacaq. Ümidvaram ki, hər şey sabit keçəcək. İlin ikinci yarısında Sizə futbol üzrə dünya çempionatının keçirilməsində uğurlar arzulayıram. Bu, çox vacib hadisədir. Bilirəm ki, Siz çox ciddi hazırlaşırsınız. İnanın, biz hamımız çox diqqətlə izləyirik və istərdik ki, sizdə ondan əvvəlki Soçi Olimpiadasında olduğu kimi hər şey gözəl alınsın.
2018-ci il Moldova üçün də asan il olmayacaq. Bizdə də ilin ikinci yarısında seçkilər olacaq. Əminəm ki, 2018-ci il bizim MDB çərçivəsində də qarşılıqlı fəaliyyətin yeni səviyyəsinə çıxmaq ilimiz olacaq. Rusiya Federasiyası ilə ikitərəfli səviyyədə əldə etdiyimiz nəticələrə görə Sizə təşəkkürümü bildirmək istəyirəm.
Özbəkistan Prezidenti Şavkat MİRZİYOYEV keçirilən görüşün əhəmiyyətini qeyd edərək, ölkəsinin MDB ölkələri ilə bütün sahələrdə olduqca sıx əməkdaşlıq etdiyini vurğuladı. Bunun nəticəsi olaraq Birlik ölkələri ilə əmtəə dövriyyəsinin artdığını diqqətə çatdırdı. 2017-ci ildə MDB çərçivəsində üzv ölkələr arasında sıx əməkdaşlığın qurulduğunu diqqətə çatdıran Şavkat Mirziyoyev bu görüşün və aparılan müzakirələrin gələcək əməkdaşlığa yeni təkan verəcəyinə əminliyini ifadə edərək dedi:
-Bu il ilk dəfə MDB hökumət başçılarının iclası Özbəkistanda keçirildi. Uzun illər idi ki, bu, olmamışdı. Biz təşəbbüs irəli sürmüşük ki, 2020-ci ildə MDB-nin iclası Daşkənddə keçirilsin və biz buna hazırlaşırıq. Əlbəttə, Rusiyanın MDB-dəki aparıcı rolu şübhəsiz ki, bizim hamımızı birləşdirir.
Vladimir Vladimiroviç, Sizin rəhbərliyiniz altında Rusiya iqtisadiyyatı öz layiqli yerinə yüksəlib. Bilirəm ki, bu illər şəxsən Sizin və Rusiya üçün ağır illər olub. Ancaq bütün buna, bütün bu sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatı layiqincə irəliləyir və bu, bizi də sevindirir. Rusiyanın hüdudları bizi birləşdirir. Rusiya ilə ticarət dövriyyəsi və uğurları bizi də möhkəmləndirir. Düşünürəm ki, bugünkü görüş, bugünkü ünsiyyət gələcəyə ciddi təkan verəcək. Vladimir Vladimiroviç, bu il seçki ilidir, düşünürəm ki, Rusiyanın taleyi etibarlı əllərdə olmalıdır. Düşünürəm ki, Rusiyanın müdrik xalqı ən layiqlini seçəcək. Suriyada əldə edilənlər Rusiyanın qəhrəman mərdliyi idi. Suriyada baş verənlərlə və bu bəla ilə heç kim maraqlanmırdı. Biz Əfqanıstanın qonşusu kimi bunu çox ciddi hiss edirdik və bunu çox gözəl anlayırıq. Düşünürəm ki, gələn il çox ağır il olacaq və zənnimcə, biz birlikdə fikir mübadiləsi apararaq təhlükəsizlik sahəsində mürəkkəb məsələləri həll edəcəyik, xüsusən də Mərkəzi Asiya regionunda. Biz orada və Əfqanıstanda olan ağır vəziyyəti çox gözəl anlayırıq.
Tacikistan Prezidenti Emoməli RƏHMON bu il dünyada bir çox narahatedici hadisələrin baş verdiyini deyərək müxtəlif ölkələrdə terrorizmin, ekstremizmin fəallaşdığını diqqətə çatdırdı, Yaxın Şərqdə, Koreya yarımadasındakı vəziyyəti qeyd etdi, Əfqanıstanda baş verən proseslərə xüsusi diqqət yetirərək dedi:
-Əfqanıstandakı vəziyyət əvvəlki kimi beynəlxalq və regional gündəliyin əsas məsələlərindən biri olaraq qalır. Əfqanıstanda, xüsusilə ölkənin şimalında İŞİD terror qrupunun və bizə məlum olan digər radikal qruplaşmaların fəallığı artır. Həmin kontekstdə beynəlxalq terror qruplaşması qüvvələrinin bu ölkəyə yerdəyişməsi məsələsi vacib olaraq qalır. Xüsusi təhlükə ondan ibarətdir ki, bu qrupların tərkibində Birlik ölkələrindən olan immiqrantlar da var. Bununla yanaşı, bu ölkədə narkotiklərin qanunsuz istehsalı və ixracı həcmi də artır. Tacikistan-Əfqanıstan sərhədi xəttində demək olar ki, hər gün terrorçular və narkotik satıcıları ilə toqquşmalar baş verir. Bizim sərhədçilər arasında itkilərin sayı onlarladır. Əfqanıstanda hərbi-siyasi qarşıdurma meyli də güclənir. NATO-nun Əfqanıstandakı çoxillik missiyası arzuolunan nəticələr vermədi. Biz, həmçinin o faktı da nəzərə almalıyıq ki, gələn il əfqan cəmiyyəti siyasi inkişafın çox həssas fazasına daxil olur. Mən gələn il keçiriləcək parlament seçkilərini və bir ildən sonra keçirilməli olan prezident seçkilərini nəzərdə tuturam. Bütün bu hadisələr bizdən adekvat reaksiya və əlaqələndirici hərəkətlər tələb edir.
MDB ölkələrində vəziyyətin ümumilikdə sabit qaldığını deyən Tacikistan Prezidenti bununla belə sadaladığı amillərin bu və ya digər mənada Birlik ölkələrindəki vəziyyətin inkişafına da təsir göstərdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, bütün bunlar nəzərə alınaraq, Tacikistanın MDB-yə sədrliyi dövründə, həmçinin hərbi-texniki əməkdaşlığın möhkəmləndirilməsi də prioritet məsələlərdən biri olaraq qalacaq.
Sonda Rusiya Prezidenti Vladimir Putinin adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olundu.