Xəbərlər
Elçin Səfərov: Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarında könüllülərin xidməti əvəzsizdir
Son illər ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına, ölkəmizin təbliğinə mühüm töhfə verib. Birinci Avropa Oyunları, Formula-1 Azərbaycan Qran-Prisi və IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Bakı belə tədbirlərlə məşhurlaşan paytaxtlarla bir cərgədədir. Ölkəmizin idman məkanlarında keçirilən yarışlar həm idmançıların, həm də sakinlərin xatirəsində xoş izlər qoyub, onlarda qurur hissi oyadıb. Bu işlərin uğurla həyata keçməsində Gənclər və İdman Nazirliyinin xüsusi rolu danılmazdır.
Bu fikirləri Gənclər və İdman Nazirliyinin nəzdindəki Tədbir Əməliyyat Komitəsinin baş direktoru Elçin Səfərov deyib.
O bildirib: “İdmanın təbliği, gənclərin müasir dünyagörüşünün formalaşması, şəhər infrastrukturunun dəyişməsi, nəqliyyat mədəniyyətinin yaranması, könüllülük hərəkatının inkişafı beynəlxalq tədbirlərin məqsədinin ana xəttidir. Bu gün fəxrlə ölkəmiz haqqında danışmağa həm haqqımız var, həm də sözümüz çoxdur. İllər boyu yalnız təbii sərvətləri ilə tanınan Azərbaycan hazırda beynəlxalq aləmdə həm də müasir idman ölkəsi kimi böyük nüfuza malikdir. İlk gündən yarışların beynəlxalq səviyyədə təşkil olunmasını qarşımıza məqsəd qoyduq və indi yüzlərlə təcrübəli mütəxəssis, menecer, yerli şirkətlər çalışır. Bu da bizim ölkə iqtisadiyyatına verdiyimiz töhfədir. İstifadədə olan idman komplekslərinin maddi-texniki bazasının yenilənməsi də Oyunlardan sonrakı vacib addımlardan biridir”.
Ölkəmizin beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsində və bu sahədə qazanılan nailiyyətlərdə könüllülərin rolunun əvəzsiz olduğunu vurğulayan E.Səfərov onların dəstəyini xüsusi qeyd edərək deyib: “Birinci Avropa Oyunlarında 8 min, IV İslam Həmrəyliyi Oyunlarda 6 min, Formula-1 Azərbaycan Qran-Prisində 3 min könüllünün dəstəyi və köməyi xüsusilə vurğulanmalıdır. Qeydiyyat, seçim, təlimlər, məkanlarla tanışlıq, komanda şəklində iş prinsipi, intizam, yarışa gələn tamaşaçıya, idmançıya, qonaqlara münasibət məsələləri bizim ən vacib vəzifələrimiz olub. Könüllülər əsasən Oyunların açılış və bağlanış mərasimlərində, idman və qeyri-idman obyektlərində fəaliyyət göstəriblər. Seçim zamanı onların hər biri ilə fərdi müsahibələr aparılıb. Könüllülərin bacarığına, dünyagörüşünə uyğun olaraq, onların xidmətindən istifadə edilib. Könüllülərin xidməti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Biz hər zaman olduğu kimi, könüllülərin yanında olmaq, onların yaşadığı həyata töhfə vermək istəyirik və könüllülərin xahişlərini yerinə yetirməyə səy göstəririk”.