Xəbərlər
Ziyad Səmədzadə: Yeni qanun layihəsi müasir dövrün tələblərinə uyğun hazırlanıb
«Azərbaycan Respublikasının Hesablama Palatası» haqqında yeni qanunun qəbul olunması günün tələbidir. Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, hazırda qüvvədə qüvvədə olan qanun illər öncə qəbul olunub və bugünkü dövrün tələblərinə uyğun deyil. On agörə də, yeni bir qanunun hazırlanmasına zərurət yarandı.
«Yeni qanun layihəsi 6 fəsil 41 maddədən ibarətdir. Qanun layihəsinə əsasən, Hesablama Palatasının fəaliyyət istiqamətləri qanunla müəyyən edilmiş qaydada kənar dövlət maliyyə nəzarəti tədbirlərini həyata keçirmək, icmal büdcənin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və icrasına dair rəy vermək, həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri əsasında maliyyə intizamının gücləndirilməsi, maliyyə nəzarəti üsullarının təkmilləşdirilməsi və maliyyə nəzarəti fəaliyyəti işinin planlaşdırılması məqsədilə mütəmadi təhlillər aparmaq, maliyyə idarəetməsinin və dövlət maliyyə nəzarətinin həyata keçirilməsinin təkmilləşdirilməsindən ibarətdir. Həmçinin, bu qurum dövlət vəsaitlərindən səmərəli və məqsədyönlü istifadə ilə bağlı tövsiyələr vermək, xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, ali audit orqanlarının beynəlxalq təşkilatlarına üzv olmaq, birgə nəzarət tədbirlərini həyata keçirəcək. Bütövlükdə, qanun layihəsi müasir dövrün tələblərinə uyğun hazırlanıb»-deyə, komitə sədri vurğulayıb.