Xəbərlər
“Bakutel-2017”də “elektron imza” texnologiyası təqdim edilib
“Bakutel-2017” sərgisi çərçivəsində “elektron imza” texnologiyasını vətəndaşlarımıza təqdim etmişik. Burada “elektron imza”dan gələcəkdə hansı sahələrdə istifadə ediləcəyi barədə də məlumat veriləcək.
Bu barədə “Bakutel-2017” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin marketinq şöbəsinin müdiri Ceyhun Məmmədov jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, sonrakı mərhələdə "Açıq hökumət" məlumatları portalı təqdim olunacaq. Bu portalda məlumatların sayı əvvəllər 5 idisə, hazırda onların sayı 650-dən çoxdur. Bu məlumatlar digər qurumlarla birgə əldə olunub. Hətta "Startup" layihəsi ilə bağlı müsabiqə də keçirilib və sərgidə onun qalibləri mükafatlandırılacaq: “Bundan başqa, hər il olduğu kimi, biz "Elektron hökumət" portalının xidmətlərini də vətəndaşlarımıza təqdim edirik. Portalda artıq 700 min istifadəçi var. Eyni zamanda, portala 40 yeni xidmət əlavə olunub. Bunlardan ən əsası “güzəştli mənzil sistemi” ilə bağlıdır. Həmçinin sərgidə nazirliyin çağrı mərkəzinin xidmətləri də təqdim olunur. Bir çox qurumların vahid çağrı mərkəzi burada fəaliyyət göstərəcək, gələcəkdə bu layihə daha da inkişaf etdiriləcək”.