Xəbərlər
İran parlamentindən Ermənistana tələb: Araz çayını zəhərləməyin!
İran İslam Şurası Məclisində (parlament) Ermənistan hökuməti kəskin tənqid edilib.
İran parlamentinin deputatları Ermənistan tərəfindən Araz çayının çirkləndirilməsini narahatlıqla qarşılayıb və hökumətdən bunun qarşısının alınmasını tələb ediblər.
İran parlamentinə Ərdəbil vilayətindən seçilmiş deputat Şahhur Purhüseyn çıxışında bildirib ki, Ermənistan ətraf mühitin qorunması istiqamətində heç bir iş görməyərək Araz çayının suyunu çirkləndirir. Onun sözlərinə görə, İranın Ərdəbil vilayətinin Muğan rayonunda əhali arasında xərçəng xəstəliyinin artmasına səbəb Ermənistandır. Deputat nəzərə çatdırıb ki, Ermənistan radioaktiv tullantıları çaya axıtmaqla İrana böyük ziyan vurur.
Qeyd edək ki, İranın Araz çayı boyunca əraziləri münbit torpaqlardır. Burada əkinçilik geniş inkişaf edib. Yerli fermerlər suvarma suyunu məhz Araz çayından götürürlər. Çayın suyunun isə Ermənistan tərəfindən zəhərli maddələrlə çirkləndirilməsi nəinki məhsuldarlığı dəfələrlə aşağı salır, eyni zamanda, əhali arasında onkoloji xəstəliklərin artmasına səbəb olur.
İran parlamentində Ermənistanın Araz çayını zəhərləməsi haqqında müzakirələrin aparılması birinci dəfə deyil. Ötən il də bir qrup deputat hökumətdən çayın çirkləndirilməsi ilə əlaqədar Ermənistana ciddi xəbərdarlıq olunmasını tələb edib.