Xəbərlər
Elmar Məmmədyarov Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirlər 2017-ci ilin Kosta Rika və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi ilə əlamətdar olduğunu qeyd edərək, ötən 20 il ərzində iki ölkə arasında mövcud siyasi dialoq və qarşılıqlı anlaşmanın müsbət inkişafından məmnunluq ifadə ediblər.
Elmar Məmmədyarov Kosta Rikanın Azərbaycanda səfirlik təsis etmək qərarının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Nazirlər hər iki ölkədə diplomatik missiyaların mübadiləsinin qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yeni təkan verəcəyinə əminlik ifadə ediblər.
Elmar Məmmədyarov iyun ayında Kosta Rikaya rəsmi səfərini xoş təəssüratlarla xatırlayaraq keçirilmiş məhsuldar görüşlərin, səfər çərçivəsində baş tutmuş siyasi məsləhətləşmələrin iki ölkə arasında münasibətlərin müxtəlif sahələrində inkişafına töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.
Nazirlər, həmçinin ikitərəfli münasibətlərin irəlilədilməsi baxımından parlament diplomatiyasının xüsusi rol oynadığını bildirərək, parlament nümayəndə heyətlərinin mübadiləsinə dair ortaq təşəbbüslə çıxış ediblər. Onlar Azərbaycanın və Kosta Rikanın bir-birinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan ediblər. Nazilər, həmçinin gücdən istifadə ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıblar.
Tərəflər iqtisadi-ticarət, turizm, enerji, logistika, limanlar və gəmiçilik, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd ediblər və bu xüsusda işgüzar dairələr arasında birbaşa təmasların təşviq edilməsinin vacibliyini vurğulayıblar.