Xəbərlər
Məlahət İbrahimqızı: Azərbaycan-NATO əməkdaşlığı genişlənir
«Azərbaycan-NATO əməkdaşlığı genişlənir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, bu gün Azərbaycan Respublikası özünün müstəqil və çoxşaxəli xarici siyasət strategiyası ilə beynəlxalq təhlükəsizliyin təmin olunması işinə əhəmiyyətli töhfələr verir. Onun sözlərinə görə, ölkəmiz regional və beynəlxalq təhlükəsizliyin təmin olunması işində mühüm əməkdaşlıq münasibətlərinə malikdir.
«Bu sırada Azərbaycan-NATO münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan NATO-ya üzv olmasa da, Alyansın müxtəlif xarakterli proqramlarında uğurla təmsil olunur. NATO da Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir, çünki Azərbaycan regional təhlükəsizliyin qarantı və inkişaf mənbəyidir. Prezident İlham Əliyevin bu yaxınlarda Brüsselə səfəri çərçivəsində NATO-nun baş katibi ilə görüşü və aparılan müzakirələr Azərbaycanla NATO arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir. Ümumiyyətlə, Azərbaycan-NATO münasibətlərinin perspektiv inkişafı üçün əlverişli zəmin mövcuddur. Xüsusilə Azərbaycanın beynəlxalq antiterror koalisiyasında fəal iştirakı NATO-nun ölkəmizlə əlaqələri gücləndirməsini zəruri edir»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.