Xəbərlər
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının köməkçisi Azərbaycana səfərə gələcək
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Əməliyyatlar üzrə köməkçisi (müavini) Corc Uilyam Okos-Obbonun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 29-da Azərbaycana səfərə gələcək.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, iki gün davam edəcək səfərin məqsədi BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti və ölkəmizdə qaçqınların, məcburi köçkünlərin və “qaçqın” statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin sosial problemlərinin həlli sahəsində görülən işlərlə tanış olmaq, eləcə də qlobal və regional səviyyədə didərginlik probleminin həlli üçün birgə səylərin göstərilməsi üzrə fikir mübadiləsi aparmaqdır.
Nümayəndə heyətinin səfər proqramı çərçivəsində Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov, xarici işlər naziri Elmar Məmmədyarov, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağıyev və diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
Həmçinin qonaqlar Bakı şəhərində yataqxanada və Bakı şəhəri ətrafında yeni salınmış qəsəbədə yaşayan məcburi köçkünlərlə görüşəcək, qəsəbənin sosial-texniki infrastrukturu ilə tanış olacaq, eyni zamanda, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin nəzdində fəaliyyət göstərən Qaçqın Qadın və Gənclər Mərkəzində olacaq, qaçqın, “qaçqın” statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərlə görüşəcəklər.