YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dmitri Kumsişvili: Azərbaycan və Gürcüstan regionda çox mühüm strateji layihələr həyata keçirirlər

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə noyabrın 28-də Tbilisidə Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşüb.

Dmitri Kumsişvili görüşdə deyib: “Gürcüstanın yaxın dostu və strateji tərəfdaşı olan Azərbaycanın nümayəndə heyətinin “İpək Yolu” beynəlxalq konfransında iştirakı bizim üçün çox vacibdir. Biz Azərbaycan ilə əməkdaşlığa böyük önəm veririk”.

Nazir bildirib ki, Azərbaycan ilə Gürcüstan regionda çox mühüm strateji layihələr həyata keçirirlər. Bunlardan biri də bu yaxınlarda açılışını etdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir.

Baş nazirin birinci müavini ölkələrimizin birgə iştirakı ilə daha böyük layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Ramin Quluzadə “İpək Yolu” beynəlxalq konfransının yüksək səviyyədə təşkilinə görə Gürcüstan tərəfinə minnətdarlıq edib. O, Azərbaycanın və Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan Gürcüstan ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa xüsusi önəm verir.

Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışan nazir deyib: “Bu layihə təkcə bizim regionumuzun deyil, Avropa və Asiyanın inkişafında, əməkdaşlığımızın daha da dərinləşməsində mühüm rol oynayacaq. Bakı-Tbilisi-Qars regionda sülhə və tərəqqiyə xidmət edən bir layihədir”.

Nazir ölkələrimiz arasında səmərəli əməkdaşlığın davam edəcəyinə, bu əməkdaşlığın xalqlarımızın rifahını daha da yaxşılaşdıracağına inandığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.