YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Yeni iş yerlərinin yaradılması ölkəmizin sosial siyasətinin mühüm istiqamətini təşkil edir

«Azərbaycanda son 14 ilə yaxın müddətdə əmək bazarının davamlı şəkildə inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılması ölkədə həyata keçirilən məqsədyönlü siyasətin mühüm istiqamətini təşkil edib». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, dövlət tərəfindən nümayiş etdirilən güclü siyasi iradəyə uyğun olaraq ölkədə iqtisadi aktivliyin artırılması və bu əsasda insanların layiqli iş yerləri ilə təmin edilməsi daim diqqət mərkəzində saxlanılıb. Bu siyasətin davamı olaraq Azərbaycan yeni iqtisadi şəraitdə də ölkə boyunca yeni iş yerlərinin yaradılmasına daha həssaslıqla yanaşır.

«Məlumdur ki, son illərdə dünyada müşahidə edilən mənfi proseslərin, o cümlədən də mal və xidmətlərə istehlakın azalması, müxtəlif regionlarda səngimək bilməyən müharibələrin fonunda məşğulluqla bağlı çağırışlar xüsusi aktuallıq daşımağa başlayıb. Azərbaycan genişməzmunlu islahatlar həyata keçirməklə yeni şəraitin meydana çıxardığı çağırışları effektiv şəkildə qarşılamağa çalışır. O cümlədən də ciddi iqtisadi və sosial mahiyyət kəsb edən məşğulluğun yüksək səviyyədə təmin edilməsi məqsədilə həm hüquqi, həm də praktiki müstəvidə konkret hədəflərə hesablanan tədbirlər həyata keçirir. Azərbaycan dövlətinin sosialyönümlü iqtisadiyyat quruculuğuna və insanların layiqli iş yerləri ilə təmin edilməsinə xüsusi diqqət və qayğı göstərməsi öz müsbət nəticəsini verib. Son 13 ildə respublika üzrə 1,6 milyon yeni iş yeri açılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində ölkədə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub ki, bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur»- deyə, komitə sədri vurğulayıb.