Xəbərlər
Müdafiə naziri Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayat ilə görüşüb
Noyabrın 23-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayat ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, general Z.M.Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Müdafiə Nazirliyində keçirilən görüşdə Z.Həsənov xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluğunu bildirib.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Pakistanın münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlarda da dəstəkləməsinə görə minnətdarlıq ifadə edilib. Z.Həsənov vurğulayıb ki, Azərbaycan da Pakistanın ərazi bütövlüyünü dəstəkləyir.
Görüşdə iki ölkə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı, eləcə də Hərbi Hava və Hərbi Dəniz qüvvələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Sonra Pakistan nümayəndə heyəti Silahlı Qüvvələrin Baş Qərargahının inzibati binasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeyi ziyarət edib, xidməti otaqlardakı iş şəraiti ilə tanış olub.