Xəbərlər
Kamilə Əliyeva: Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir
«Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva deyib.
K.Əliyeva bildirib ki, bu gün Azərbaycanda həyata keçirilən dövlət proqramları və islahatlar çərçivəsində təhsilin bütün sahələri inkişaf edir. Onun sözlərinə görə, təhsildə idarəetmə, müəllim hazırlığı və digər sahələrin inkişafına xüsusi diqqət yetirilir.
«Eyni zamanda, təhsilin inkişafı ilə bağlı dövlət başçısının təsdiq etdiyi müvafiq dövlət proqramları hazırda Azərbaycan hökuməti tərəfindən uğurla icra edilir. Bu proqramlar orta məktəblərdə kurikulum, təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsili, Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını və s. sahələri əhatə edir. Bütövlükdə, bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın parlaq gələcəyinə hesablanıb»-deyə, komitə üzvü qeyd edib.