Xəbərlər
Azərbaycan və Yaponiya Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiyaya səfəri çərçivəsində bu ölkənin xarici işlər nazirinin parlament məsələləri üzrə müavini, nümayəndələr palatasının üzvü Mitsunari Okamoto ilə görüşüb. Həmçinin Xələf Xələfov Yaponiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri bürosunun baş direktorunun müavini, Mərkəzi Asiya, Cənubi Qafqaz və GUAM üzrə xüsusi nümayəndə, səfir Toşihirio Aiki ilə Azərbaycan və Yaponiya Xarici İşlər nazirlikləri arasında 10-cu siyasi məsləhətləşmələri keçirib.
Görüşlərdə 2017-ci il sentyabrın 7-də Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd olunduğu vurğulanıb, bu illər ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Əlaqələrimizin yeni mərhələyə qaldırılmasında yüksək səviyyəli rəsmi səfərlərin xüsusi əhəmiyyəti qeyd olunub və cari il sentyabrın 14-də Yaponiya xarici işlər nazirinin parlament işləri üzrə müavini Manabu Horiinin “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması mərasimində Yaponiya dövləti adından iştirakı vurğulanıb.
Söhbətlər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyi qeyd edilib, bu xüsusda 9-cu iclası cari il fevralın 23-də Bakıda keçirilən Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib.
Azərbaycan ilə Yaponiya arasında enerji sahəsində faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib, bununla yanaşı, qeyri-enerji sektorunda yüksək potensialın mövcudluğu diqqətə çatdırılıb, kənd təsərrüfatı, turizm, sənaye, informasiya texnologiyaları, səhiyyə, təhsil, idman və əczaçılıq sahələrində əməkdaşlığın inkişafı ilə bağlı birgə səylərin fəallaşdırılmasının zəruriliyi vurğulanıb.
Azərbaycan-Yaponiya parlamentlərarası əməkdaşlığının münasibətlərimizin inkişafına müsbət təsiri qeyd edilib.
Həmçinin regionlararası əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən qarşılıqlı tədbirlər məmnunluqla vurğulanıb.
İkitərəfli münasibətlərin inkişafının müxtəlif aspektləri, beynəlxalq arenada əməkdaşlıq və regional məsələlər üzrə aparılan müzakirələrin qarşılıqlı anlaşma baxımından əhəmiyyəti, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi xüsusi qeyd edilib.
Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə fikir mübadiləsi aparılıb və nazir müavini Xələf Xələfov münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həllini tələb edən BMT TŞ-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi ilə bağlı beynəlxalq birliyin səylərinin artırılmasının vacibliyini vurğulayıb.
GUAM+Yaponiya çərçivəsində ölkələrimiz arasında aparılan əməkdaşlıq yüksək qiymətləndirilib, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.