Xəbərlər
Vladimir Putin: Rusiya, İran və Azərbaycan dünyanın iri neft-qaz istehsalçılarıdır, lakin bu o demək deyil ki, biz rəqabət aparmalıyıq
Biz keçirdiyimiz üçtərəfli görüşdə təhlükəsizlik, cinayətkarlıq və beynəlxalq terrorçuluqla birgə mübarizə məsələlərini müzakirə etdik. Lakin müzakirə olunan mövzular sırasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bu sözləri Rusiya prezidenti Vladimir Putin Tehranda Azərbaycan və İran prezidentləri ilə üçtərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
V. Putin qeyd edib ki, Rusiya, İran və Azərbaycan dünyanın iri neft-qaz istehsalçılarıdır. Lakin bu o demək deyil ki, biz rəqabət aparmalıyıq. Bu o deməkdir ki, biz səylərimizi koordinasiya edib əməkdaşlıq etməliyik.
Rusiya prezidenti deyib ki, hər üç ölkə iri neft-qaz istehsalçısı olsa da xammalın daxili logistika baxımından bir-birinə ötürülməsinə maraq var. Məsələn, Rusiya Azərbaycanın kəmərlər sistemi ilə İranın şimalına qaz nəql etməyə hazır olduğunu bildirib. Bu da bizim tərəfdaşlarımız üçün iqtisadi baxımdan məqsədəuyğun ola bilər.
Dünya bazarında satılan neftin qiymətinə toxunan V. Putin nəzərə çatdırıb ki, neft hasilatının məhdudlaşdırılmasına dair OPEC ilə qeyri-OPEC ölkələrinin razılaşması artıq bəhrəsini verir.