Xəbərlər
Elman Nəsirov: İşğalçı Ermənistanın iqtisadi blokadası güclənəcək və bu ölkədə yoxsulluq səviyyəsi daha da artacaq
«Bakı-Tbilisi-Qars dəmir yolu xətti tarixi bir layihədir. Bu layihənin reallaşması nəticə etibarı ilə Ermənistanın işğalçılıq siyasəti ucbatından düşdüyü blokada vəziyyətini daha da mürəkkəbləşdirdi». Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, Ermənistan təcavüzkar siyasəti nəticəsində Azərbaycanın təşəbbüskarı olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərindən və indi də Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsindən kənarda qaldı. Onun sözlərinə görə, Ermənistanın iqtisadi blokadası güclənəcək və bu ölkədən miqrant axını, eləcə də yerli əhalinin yoxsulluq səviyyəsi daha da artacaq.
«Təsadüfi deyil ki, Ermənistanda Bakı-Tbilisi-Qars layihəsinin reallaşmasına bir faciə kimi yanaşırlar. Amma əslində bu faciəni özləri yaradırlar. İşğala son qoysunlar, onun nəticələrini aradan qaldırsınlar və bundan sonra Ermənistanın bu layihələrdə iştirakı məsələsinə baxıla bilər. Prezident İlham Əliyevin dediyi kimi, nə qədər ki bu təcavüzə son qoymayıb, Ermənistanın təcrid siyasəti daha da gücləndiriləcək. Biz bu gün onun şahidi oluruq”»- deyə, deputat qeyd edib.