YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The Jerusalem Post”: Rusiyanın baş ravvini Cənubi Qafqazda nə üçün məhz Azərbaycanı seçdi?

Bu günlərdə Rusiyanın baş ravvini Berl Lazar başda olmaqla postsovet məkanındakı bütün ravvinlərin böyük nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Nümayəndə heyətinin tərkibinə Rusiya, Baltikyanı dövlətlər, Qazaxıstan, Gürcüstan və digər ölkələrdən olan yəhudi biznesmenlər və ravvinlər daxil idi. Bu insanların Azərbaycana birgə səfəri onlara bir-biri ilə tanış olmaq, təcrübə mübadiləsi aparmaq və işgüzar əlaqələr yaratmaq imkanı verib. Berl Lazar Odlar Yurduna səfəri müddətində Quba rayonundakı Qırmızı Qəsəbədə olub. Rusiyalı ravvinlərin nümayəndə heyətini səfərdə Azərbaycan Parlamentinin deputatı Yevda Abramov, yəhudilərin yığcam şəkildə yaşadığı Qırmızı Qəsəbənin icra hakimiyyətinin başçısı Pesax İsakov, Bakıdakı Yəhudi Evinin direktoru Şaul Davıdov müşayiət edib.

İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutun İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetinin 29 oktyabr tarixli nömrəsində dərc edilmiş “Rusiyanın baş ravvini Cənubi Qafqazda nə üçün məhz Azərbaycanı seçdi?” sərlövhəli məqaləsi (http://www.jpost.com/Blogs/News-from-Arye-Gut/Why-did-chief-rabbi-of-Russia-pave-his-way-to-South-Caucasus-through-Azerbaijan-508722) bu barədədir.

Məqalə müəllifi qeyd edir ki, nümayəndə heyətinin üzvləri Azərbaycanda səfərdə olarkən sinaqoqlarla, tədris müəssisələri ilə, tikilməkdə olan yəhudi muzeyi ilə, din xadimi Admor Qurşumovun dəfn edildiyi qəbiristanlıqla tanış olublar. Qonaqlara dağ yəhudilərinin yığcam şəkildə yaşadıqları Qırmızı qəsəbənin tarixi, Azərbaycan və yəhudi xalqlarının dostluğu və qardaşlığı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan xalqının yəhudi icmasına hörmətli və səmimi münasibəti barədə məlumat verilib.

İsrailli ekspert öz məqaləsində yazır: “İstər-istəməz belə bir sual yaranır: nə üçün yəhudilərin nümayəndə heyəti Cənubi Qafqaza səfər üçün məhz Azərbaycanı seçib? Cavab aydındır, ona görə ki, bu gün Cənubi Qafqazda ən böyük yəhudi icması məhz Azərbaycanda qalıb. Postsovet respublikalarının çoxunda yaşayan yəhudilər SSRİ dağılandan sonra həmin respublikaları tərk edib xaricə gediblər. Lakin Azərbaycanı tərk edən yəhudilər az olub. Oxşar problemlər bütün postsovet dövlətlərində vardı, Azərbaycanda belə problemlər başqalarından da çox idi. Məhz həmin dövrdə Ermənistan Azərbaycana qarşı müharibəyə başladı və Azərbaycanın tarixi ərazisinin 20 faizini işğal etdi. Lakin bütün bunlara baxmayaraq məhz Azərbaycan yəhudilər üçün ən doğma və səmimi məkan kimi qaldı, dünyanın aparıcı ölkələrində şirnikləndirici həyat tərzinə baxmayaraq yəhudilər Azərbaycanı tərk etmək istəmirdirlər. Səbəb də odur ki, yəhudilər Azərbaycanda özlərini dünyanın bir sıra aparıcı ölkələri ilə müqayisədə daha təhlükəsiz, daha rahat hiss edirlər. Azərbaycanda dövlət başçısından – Prezident İlham Əliyevdən başlamış sıravi vətəndaşlara qədər hər kəs bütün millətlərə, o cümlədən yəhudilərə də humanist, səmimi və qayğıkeş münasibət bəsləyir.

Azərbaycan Cənubi Qafqazın incisidir. Qərb və Şərq sivilizasiyalarını özündə cəmləşdirən Azərbaycan həm regionda, həm də dünya miqyasında bütün xalqlara və dövlətlərə münasibətdə sülhsevər siyasət yürüdür. Azərbaycan dövləti ölkə ərazisində yaşayan bütün xalqların və konfessiyaların nümayəndələrinə münasibətdə qarşılıqlı anlaşma və dostluq prinsiplərinə riayət edir. Bu dövlətdə müxtəlif xalqlar, o cümlədən yəhudilər də bir ailə kimi, dostluq və həmrəylik şəraitində yaşayırlar”.

Müəllif vurğulayır ki, İsrail dövlətinin strateji tərəfdaşı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ənənəyə görə, hər il yəhudilərin bütün bayramları münasibətilə bu ölkədəki yəhudi icmasına müraciət edir, yəhudi xalqını təbrik edir.

Arye Qut yazır: “Prezident İlham Əliyev bu yaxınlarda yəhudilərin müqəddəs Roş-xa-Şana bayramı münasibətilə təbrik məktubunda vurğulayıb ki, sivilizasiyaların qovuşduğu məkanda yerləşən, multikulturalizm ənənələrinin qorunub saxlandığı Azərbaycan müxtəlif konfessiyaların və mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı hörmət və etimad mühiti yaranmış nadir məkanlardan biridir. Azərbaycan rəhbərliyi dünyada analoqu olmayan yəhudi icmasının ənənələrinə və həyatına daim qayğıkeş və səmimi münasibət bəsləyir. Azərbaycan Prezidentinin dəstəyi ilə ölkə paytaxtında iki yeni sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Bu yeni tədris kompleksi MDB Yəhudi İcmaları Federasiyasının Prezidenti, dünyaşöhrətli yəhudi mesenatı Levi Levayevin başçılıq etdiyi beynəlxalq “Or Avner” Fondunun və Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. Azərbaycanda Yəhudi Muzeyinin yaradılması sürətlə davam edir. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq”.

İsrailli ekspert vurğulayır edir ki, azərbaycanlıların yəhudilərə münasibəti barədə deyilən bütün sözləri faktlarla təsdiq etmək olar. Bunun üçün Azərbaycanın dağlıq bölgəsində, ölkənin ən gözəl guşələrindən olan Quba rayonunda yerləşən məşhur Qırmızı Qəsəbəyə nəzər salmaq kifayətdir. Azərbaycanın fəxri sayılan Qırmızı Qəsəbə postsovet məkanında əsl yəhudi oazisi, dünyada İsraildən sonra dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə unikal məkandır.

Bu faktları nəzərə alanda Rusiyanın baş ravvininin səfərində əsas məkan kimi nə üçün məhz Azərbaycanın seçilməsi aydın olur.

Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder 2016-cı ilin sentyabrında Azərbaycana tarixi səfəri zamanı da Berl Lazar kimi fikir söyləmişdi. R.Lauder öz təəssüratlarını bölüşərək demişdi: “Mənə məlumdur ki, Azərbaycan Holokost dövründə nasistlərin əlindən özlərini və uşaqlarını xilas edə bilmiş Avropa yəhudiləri üçün azsaylı sığınacaqlardan, sonra isə onlar üçün əsl vətən olub. “Dağ yəhudiləri” anlayışı mənə çox mücərrəd və anlaşılmaz təsir bağışlayırdı. Dağ yəhudiləri barəsində çox eşitmişdim, amma onların məskənlərini heç vaxt görməmişdim. Azərbaycanın Quba rayonunda isə Azərbaycan xalqının və ölkə rəhbərliyinin dağ yəhudilərinə səmimi və dostcasına münasibətlərini gördüm. Qırmızı Qəsəbədə tikilmiş gözəl sinaqoqa getdim, orada bizim nümayəndə heyətini və şəxsən məni qarşılamağa gəlmiş çoxlu insan görəndə son dərəcə mütəəssir oldum”.

Arye Qutun İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsində yazır: “Qırmızı Qəsəbə başqa ölkələrin ibrət götürməsi üçün çox yaxşı nümunədir. Azərbaycan multikulturalizm sahəsində qazandığı uğurlarla fəxr edə bilər. Bu regionda yəhudilər və müsəlmanlar əsrlər boyu sülh və harmoniya şəraitində yaşayır. Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib, ölkədə bir milyon qaçqın və məcburi köçkün yaranıb. Buna baxmayaraq öz prinsiplərinə sadiq qalan Azərbaycan sözün həqiqi mənasında sivilizasiyalararası və konfessiyalararası dialoq modeli, hamının bir-biri ilə dil tapdığı, dostcasına, sülh şəraitində yaşadığı mərkəzdir. Dözümlülük və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm əsasıdır”.

Qutun fikrincə, Azərbaycan bir daha nümayiş etdirir ki, zor tətbiq etmədən, çəkişmələrə əl atmadan harmoniyaya nail olmaq və bütün problemləri həll etmək mümkündür. Məqalənin müəllifi yazır: “Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev ölkədə yaşayan müxtəlif xalqlara və etnoslara xüsusi münasibət bəsləməsi ilə seçilir. O, dünyəvi dövlət, multikulturalizm və tolerantlıq prinsiplərinə sadiq qaldığına görə, istər yəhudilərə, istərsə də Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara hörmətli münasibətinə görə həm İsrail cəmiyyətinin, həm də dünyanın digər dövlətlərindəki yəhudi icmasının xeyli hissəsinin hörmətini qazanıb. Məhz bu səbəbdən Rusiyanın baş ravvini Berl Lazar Azərbaycan haqqında deyib: “Tanrıya şükür olsun ki, burada hər şey gözəldir. Hamının inkişaf etməsi, yəhudilərin həyatının yaxşılaşması, sinaqoqun təmir edilməsi, muzey tikintisi göz qabağındadır. Buna görə əminəm ki, yəhudilər burada uzun illər boyu rahat yaşayacaqlar, çünki ölkə rəhbərliyi bunun vacib olduğunu anlayır, yəhudi əhalisi özünə inam hiss edir. Mən bütün Azərbaycana firavanlıq, uğurlar və nailiyyətlər arzulayıram, biz buraya yenə gələcəyik, yəhudilərin həyatının necə yaxşılaşmasına baxacağıq”.

İstər-istəməz belə bir sual yaranır: “Yəhudi ravvinlərdən ibarət nümayəndə heyəti nə üçün yolunu qonşu Ermənistana salmayıb”? Bu suala cavab tapmaq üçün baş sındırmağa ehtiyac yoxdur, çünki multikulturalizm və tolerantlıq nümunəsi olan Azərbaycandan fərqli olaraq Ermənistan bütün postsovet məkanında ən monoetnik ölkədir, burada şovinizm, millətçilik, faşistlərin və antisemitlərin tərifinin göyə qaldırılması Prezident Serj Sarkisyan rejiminin dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Lakin təəssüf ki, Ermənistanda antisemitizm faktı çoxları tərəfindən etiraf edilməyib. Sovet İttifaqı dağılandan sonra Ermənistanda yəhudi azlığı və yəhudi irsi kəskin şəkildə azalıb. Sovet hakimiyyətinin süqutu bütün məhdudiyyətləri aradan qaldırdı və Ermənistanda antisemit hücumlar, bu cür bəyanatlar kəskin şəkildə artdı. Ermənistanın iqtisadi iflasının davam etməsi, yəhudilər üzərində mədəni zorakılıq, antisemit məzmunlu kitabların nəşrinin davam etməsi, bu tipli televiziya proqramlarının translyasiyası yəhudiləri Ermənistandan qaçmağa sövq etdi. İndiki Ermənistanda minilliklər boyu öz tarixi torpaqlarında yığcam şəkildə yaşayan azərbaycanlılara, kürdlərə və başqa millətlərin nümayəndələrinə ermənilərin qəddar münasibəti də yəhudilərin bu qərara gəlməsinə təsir göstərib. Növbə yəhudilərə də çatmışdı.

Ermənistanda yəhudiləri sıxışdırırlar demək azdır, Yerevanın mərkəzində Holokost qurbanlarının memorialını bir neçə dəfə murdarlayıblar. Əlbəttə, bu cür antisemit və antiisrail insidentlər çox ölkələrdə olub, lakin Ermənistanda bu cür baxışlar hətta siyasətçilər və KİV nümayəndələri tərəfindən dəstəklənir. Belə şəraitdə təəccüblü deyil ki, Ermənistanın yəhudi əhalisinin əksəriyyəti ya bu ölkədən qaçıb gedir, ya da sıxışdırılmaya məruz qalmamaq xatirinə ermənilərlə ailə qururdular. Təəssüf ki, Ermənistan hökuməti ölkədə get-gedə artan antisemitizmi cilovlamaq üçün praktiki olaraq heç nə etmir. Ermənistan məhdud millətçilik siyasəti yürütməkdən, özünün iqtisadi və siyasi problemlərinin təqsirini başqalarında axtarmaqdan əl çəkməyincə, Ermənistanda qalmış bir neçə yüz yəhudinin dözülməz vəziyyəti davam edəcək”.

Bundan əlavə, israilli ekspertin fikrincə, Ermənistan paytaxtının mərkəzində erməni faşisti, antisemit general Njdeye abidə qoyulması bir daha təsdiq edir ki, müasir Ermənistanda yəhudi xalqının nümayəndələrini məhv etmiş faşistlərin şəxsiyyətinə pərəstiş təbliğ edilir, onlar populyarlaşdırılır. Arye Qut yazır: “Bu terrorçuların şərəfinə xatirə sikkələri zərb edilir, onların haqqında bədii və sənədli filmlər çəkilir, onlara aid informasiya hətta böyüməkdə olan nəslin tərbiyəsi üçün nümunə sayılan məktəb dərsliklərinə də daxil edilib. Əgər dünya ictimaiyyəti Ermənistanda faşizmin təbliğinə bundan sonra da göz yumarsa, sabah Ermənistan rəhbərliyi eyni qayda ilə Hitlerə də heykəl qoya bilər. Vurğulamaq lazımdır ki, bu qaniçən faşistlərin şəxsiyyətinə pərəstiş hansısa marginal siyasi qruplaşmaların qüvvəsi ilə həyata keçirilmir, bu əməllərin arxasında Ermənistan dövləti, daha dəqiq desək, indiki Ermənistan Respublikasının rəhbərliyi dayanır”.

Müəllif vurğulayır ki, Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Akademiyası yaradılandan sonra Ermənistan Müdafiə Nazirliyinin Drastamat Kanayan adına Milli Strateji Araşdırmalar İnstitutu bu yeni qurumla əməkdaşlıq etmək arzusunu bildirib.

Arye Qut sonda yazır: “Mənim fikrimcə, bu artıq son həddir: Ermənistan Müdafiə Nazirliyinin Milli Strateji Araşdırmalar İnstitutuna 30 mindən çox yəhudini məhv etmiş faşistin və antisemitin adı verilir. İkinci Dünya Müharibəsi dövründə Vermaxtın tərkibində 20 minlik erməni legionunun qəddarlığını tarix heç vaxt unutmayacaq. Bu legionu yaradanlardan biri faşist Njde olub. Məhz erməni legionunun “sayəsində” Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, həmçinin Qərbi Krımın digər regionları yəhudilərdən tamamilə təmizlənib. Məgər bundan sonra biz müasir Ermənistanda erməni faşistin və antisemitin milli qəhrəman kimi qələmə verilməsinə laqeyd baxa bilərikmi?

Erməni ekspertlərdən bu gün Ermənistanda Dro və Njde kimi faşistlərin, antisemitlərin nə məqsədlə bu qədər tərifləndiyini soruşanda cavab verirlər ki, bu, erməni xalqının döyüş ruhunu yüksəltmək üçün edilir. Məgər ermənilərin bu faşistlərdən başqa qəhrəmanları olmayıbmı? Məgər Qızıl Ordu sıralarında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ermənilər olmayıbmı? Sadəcə başa düşmək lazımdır ki, Ermənistanda faşistlərin və antisemitlərin tərifinin göyə qaldırılması indiki Ermənistan rəhbərliyinin dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. General Njdenin heykəlinin açılışı mərasimində Ermənistan Prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın iştirak etməsi faktı onu təsdiq edir ki, bu insanlar özlərini erməni faşist və antisemit Njdenin əsl varisləri hesab edirlər”.

İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsinin sonunda yazır: “Nə yaxşı ki, Cənubi Qafqazda Azərbaycan kimi tolerant dövlət var, bu dövlət Ermənistanda antisemitizmin müqabilində regionda tarazlıq yaradır. Rusiyanın baş ravvini Berl Lazarın çox düzgün olaraq, Azərbaycandakı yəhudi icmasının inkişaf etməsini, yəhudilərin burada uzun illər boyu rahat yaşayacağını vurğularaq, Azərbaycana firavanlıq, uğurlar və nailiyyətlər arzu edib”.