YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı dostluğun nəticəsidir

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı anlaşma Gürcüstanda imzalanıb, sonra Türkiyədə təməlqoyma mərasimi keçirilib və nəhayət, bu gün Azərbaycanda bu yolun açılışını biz qeyd edirik. Bu yolun tikintisi Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı dostluğun, qardaşlığın nəticəsidir. Üç ölkə bütün sahələrdə uğurla əməkdaşlıq edir, bir-birini dəstəkləyir, ölkələrimiz üçün, xalqlarımız üçün önəmli olan, dünya üçün önəmli olan layihələri icra edir. Bakı-Tbilisi-Qars bu layihələrin arasında öz layiqli yerini tutmuş bir layihədir.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimindəki çıxışında deyib.

Bundan əvvəl böyük tarixi əhəmiyyətə malik Bakı–Tbilisi-Ceyhan neft kəmərinin açılışının da birgə edildiyini xatırladan dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu kəmər Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən böyük bir infrastruktur layihəsidir. Ondan sonra yenə də Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı əməkdaşlıq hesabına Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edilib. Bu layihə də həm Azərbaycanın, həm Gürcüstanın, həm Türkiyənin enerji təhlükəsizliyini təmin edir və 10 ildir ki, uğurla fəaliyyət göstərir. Üç ölkə, eyni zamanda, öz elektrik xətlərini birləşdirib və bu gün bu sahədə də əməkdaşlıq uğurla inkişaf edir.

Avropanın ən böyük infrastruktur layihəsindən biri olan Cənub Qaz Dəhlizinin də məhz Azərbaycan, Gürcüstan, Türkiyənin və digər ölkələrin birgə fəaliyyəti nəticəsində yaradıldığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, bu layihənin icrası uğurla gedir. “Yəni Bakı-Tbilisi-Qars dəmir yolu da əvvəl icra edilmiş layihələrin əsasında yaradılıbdır və təbii ki, əgər əvvəlki dövrlərdə biz enerji, neft-qaz sahəsində bu nəhəng, böyükmiqyaslı layihələri icra etməsəydik, bu gün Bakı-Tbilisi-Qars haqqında da ancaq danışa bilərdik”, - deyə dövlətimizin başçısı vurğulayıb.