Xəbərlər
TANAP-ın baş direktoru: TANAP ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün boru kəmərinin inşası tamamlanıb
Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün boru kəmərinin inşası üzrə işlər demək olar ki yekunlaşıb.
Bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. Baş direktor qeyd edib ki, TANAP-la Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün marşrut üzrə xəndəyin qazılması, boruların düzülməsi və qaynağı işləri artıq yekunlaşıb. Hazırda boru xətti ilə bağlı işlər qalmayıb, sadəcə texniki işlər aparılır: "Layihə üzrə Faza-0, yəni 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün görüləcək işlər çərçivəsində 56 düym diametrində və 1350 kilometr uzunluğundakı boru kəmərinin inşası artıq tamanlanıb. Hazırda boru kəməri boyunca blok klapan və digər stansiyaların tikintisi üzrə son işlər aparılır. Bundan başqa, 2 ədəd ölçmə stansiyası və bir ədəd kompressor stansiyasının inşası da davam edir.
"Boru kəməri ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün ümumi işlərin 93 faizi görülüb. TANAP-a sınaq məqsədilə ilk təbii qaz isə gələn il yanvarın əvvəlində vurulacaq. Hazırda bu məqsədlə işlər görülür. Bu ilin sonunadək mexaniki işlərin tamamlanması nəzərdə tutulur", - deyə S.Düzyol əlavə edib.
Qeyd edək ki, Faza-0 üzrə tikinti işləri Türkiyə-Gürcüstan sərhədindən başlayaraq Əskişəhərə qədər uzanan marşrut boyunca həyata keçirilir. 2018-ci il iyun ayının sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması və “Botaş” şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan təbii qazın verilməsi planlaşdırılır. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.