Xəbərlər
Azərbaycan və Xəzər hövzəsi regionu ilə bağlı elmi tədqiqat proqramı həyata keçirilib
Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüqüqları İnstitutu Azərbaycan və Xəzər hövzəsi regionu ilə bağlı elmi tədqiqatların aparılması məqsədi ilə birgə proqram həyata keçiriblər.
Nazirlikdən bildirilib ki, proqramda regionla bağlı tədqiqatlar aparan beynəlxalq elmi qurumların və beyin mərkəzlərinin tədqiqatçıları iştirak ediblər.
Cari ilin iyul-avqust aylarında Litvanın Mikolas Romeris Universitetinin Beynəlxalq və Avropa İttifaqının Hüquq İnstitutunun mütəxəssisi İnsan Hüquqları İnstitutunda “Azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpa olunması” mövzusunda araşdırma aparıb və nəticələr üzrə təqdimat keçirib.
Tədqiqat nəticəsində əldə edilən məlumatların Azərbaycan və Litvada məqalə şəklində dərc olunması planlaşdırılır.
Proqramı uğurla başa vuran iştirakçıya sertifikat verilib.
Tədqiqat proqramının davam etdirilməsi nəzərdə tutulur.