Gündəm
Prezident İlham Əliyev: Bir şəhərdə həm Avropa, həm İslam oyunlarının keçirilməsi bizim sivilizasiyalararası dialoqa verdiyimiz növbəti töhfə kimi qəbul edilməlidir
“Azərbaycanda dünya, Avropa çempionatları keçirilir. Əlbəttə ki, mən 2015-ci ildə keçirilmiş birinci Avropa Oyunlarını xüsusi qeyd etməliyəm. Bu qərarı qəbul edən Avropa Olimpiya Komitələrinin rəhbərlərinə və üzvlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. O vaxt bu qərarın qəbul edilməsi bizə imkan verdi ki, bu Oyunları keçirək, öz imkanlarımızı göstərək və beləliklə, Avropa Oyunlarına start verək. Bilirsiniz ki, hazırlıq üçün bizim cəmi 2 il yarım vaxtımız var idi və deyə bilərəm ki, bu Oyunlar qısa müddət ərzində Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilmişdir. Bakıda bu Oyunlarda 50 ölkə, 5 mindən çox idmançı, nümayəndə heyətlərinin minlərlə üzvü, qonaqlar iştirak ediblər. Onu da qeyd etməliyəm ki, Azərbaycan bu Oyunlarda çox yaxşı nəticələr göstərmişdir, komanda hesabında idmançılarımız ikinci yerə layiq görülmüşlər. Bu Oyunlar bizim hamımızın xatirindədir, bu, gözəl bir idman və dostluq bayramı idi. O günlərdə yaşanan ab-hava əminəm ki, bundan sonra da bizim yaddaşımızdan silinməyəcək. Bu gözəl təcrübəni əldə edərək, Azərbaycan bu il IV İslam Həmrəyliyi Oyunlarını uğurla keçirib. Bu Oyunlarda 54 ölkə, 3 mindən bir qədər çox idmançı iştirak etmişdir. Bu Oyunlarda da Azərbaycan idmançıları öz güclərini göstərərək bu dəfə komanda hesabında, 54 ölkə arasında birinci yeri tuta bilmişlər. Bu Oyunlar da çox böyük müvəffəqiyyətlə keçdi. Həm Avropa Oyunlarında, həm də İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş idmançılar və qonaqlar əminəm ki, öz vətənlərinə ən xoş təəssüratlarla qayıtmışlar.” Bu fikirləri Prezident İlham Əliyev sentyabrın 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə təntənəli mərasimdəki nitqində səsləndirib.
Prezident İlham Əliyev qeyd edib ki, bu Oyunların keçirilməsi həm ölkəmizin potensialını, həm bizim siyasətimizi, həm də imkanlarımızı göstərir. Çünki bu Oyunlar sadəcə olaraq idman yarışları deyil. İdman dostluğu möhkəmləndirən, xalqlararası münasibətləri gücləndirən önəmli bir amildir. Bir şəhərdə cəmi iki il ərzində həm Avropa, həm İslam oyunlarının keçirilməsi bizim sivilizasiyalararası dialoqa da verdiyimiz növbəti töhfə kimi qəbul edilməlidir.