Xəbərlər
Şahin Mustafayev: Qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi Azərbaycan iqtisadiyyatının prioritetləridir
«Qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığa dəstək Azərbaycan iqtisadiyyatının prioritetləridir». Bu fikri iqtisadiyyat naziri deyib.
Ş.Mustafayev bildirib ki, Azərbaycan Dünya Bankı ilə əməkdaşlığı bu prioritetlərə uyğun olaraq davam etdirməkdə maraqlıdır. Onun sözlərinə görə, Azərbaycan Bankın dövlət və özəl sektorun inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirir.
«Dünya Bankının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr çərçivəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması, ən qabaqcıl texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq çoxşaxəlidir, infrastruktur, kənd təsərrüfatı və sosial sahələri əhatə edir. Dünya Bankı ölkəmizə 53 layihə üzrə 4,15 mlrd. ABŞ dolları vəsait ayırıb. Artıq 41 layihə üzrə işlər başa çatıb, 11 layihə üzrə tədbirlər isə davam etdirilir. Dünya Bankı ölkəmizdə özəl sektorun inkişafına da dəstək göstərir, bu sahə ilə sıx əməkdaşlıq edir. İndiyədək Dünya Bankı tərəfindən 72 layihə üzrə özəl sektora 500 mln. ABŞ dolları vəsait ayrılıb»- deyə, nazir vurğulayıb.