Gündəm
Prezident İlham Əliyev: Bugünkü Azərbaycan, bugünkü Azərbaycan reallıqları, sabitlik, əmin-amanlıq, inkişaf, tərəqqi, vətəndaş həmrəyliyi bizim böyük dəyərimizdir
“Biz 25 il ildən çoxdur ki, müstəqil ölkə kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimdən asılı deyilik. Baxmayaraq ki, bizə qarşı müntəzəm olaraq müxtəlif kampaniyalar - qarayaxma, böhtan, şər kampaniyaları aparılır. Onların da məqsədi aydındır - Azərbaycanı ləkələmək, Azərbaycanı öz iradəsinə ram etmək və ondan sonra güclənən Azərbaycan potensialından öz maraqları üçün istifadə etmək. Biz isə buna imkan vermirik və möhkəm dayanmışıq, milli maraqlarımızı qoruyuruq. Ona görə də müntəzəm olaraq müxtəlif xarici dairələrin atəşinə məruz qalırıq. Amma bu, bizi yolumuzdan heç vaxt döndərə bilməz. Biz haqq yolundayıq.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışında çıxışı zamanı səsləndirib.
Prezident İlham Əliyev qeyd edib ki, bugünkü Azərbaycan, bugünkü Azərbaycan reallıqları, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, inkişaf, tərəqqi, vətəndaş həmrəyliyi, bax, bizim böyük dəyərimizdir və bunu Azərbaycan xalqı öz zəhməti, istedadı hesabına əldə edib. Əlbəttə, ölkəmizdə kifayət qədər güclü siyasi iradə var ki, xalqımızı kənardan bizə tuşlanan bütün atəşlərdən qoruyaq. Gənclər də, uşaqlar da, bax, bu ruhda - müstəqillik ruhunda böyüməlidirlər. Azərbaycan müstəqil ölkə kimi əbədi yaşamalıdır və müstəqil siyasəti bundan sonra da aparmalıdır. Biz bunu aparırıq, aparacağıq. Ancaq gələcək sizin əlinizdə olacaqdır. Ona görə, müəllimlər, valideynlər, uşaqların özləri də həmişə bu amili yadda saxlasınlar. Təhsil, vətənpərvərlik, milli dəyərlər, güclü Azərbaycan - budur bizim əsas prinsiplərimiz. Əminəm ki, belə gözəl məktəbdə mənim bütün tövsiyələrim öz yerini tapacaq.