Xəbərlər
Cocuq Mərcanlıda iyirmi dörd ildən sonra səslənən ilk məktəb zəngi səsləndi
Bu gün göz önündə qurulub-çiçəklənən, hər gedişimizdə bir yenilik, inkişaf gördüyümüz Cocuq Mərcanlı kəndinin tarixində yeni bir səhifə açılır. 24 illik yurd həsrətindən sonra doğma torpaqlarına, xarabalıq üzərində yenidən qurulan yurd-yuvalarına qovuşmuş Cocuq Mərcanlı sakinləri bu gün daha bir bayram sevinci yaşayır: kənddə 24 ildən sonra yenidən məktəb zəngi səslənəcək. AZƏRTAC-ın müxbiri yeni salınan qəsəbədə olub, Bilik günündə cocuq mərcanlıların, məktəblilərin sevincinə şərik çıxıb, onların təəssüratlarını qələmə alıb.
Addımbaşı rastlaşdığımız adamlar bir səmtə - doğma qəsəbələrində inşa edilən məktəbdə uzun illərdən sonra Bilik gününü bayram etməyə tələsirlər. Məktəb tərəfə gedənlərdən birinə yaxınlaşıb salam verirəm. Qəsəbə sakini İsmayıl Haqverdiyev bu günün nəinki cocuq mərcanlılar, eləcə də bütün Azərbaycan xalqı üçün əlamətdar olduğunu deyir: “Kəndimiz işğal olunanda düşmən yurd-yuvamızı, o cümlədən məktəbimizi viran qoymuşdu. Doğrudur, ötən 24 ildə heç kim təhsildən kənarda qalmadı. Hər kəs məskunlaşdığı yerdə oxudu, təhsil aldı. Ancaq insanın doğma yurdu başqadır. Bu gün kəndimizin ziya ocağı yenidən fəaliyyətə başlayır”.
Məktəbi göstərərək deyir: “Baxın, nə qədər adam toplaşıb. Bu gün hər birimiz üçün bayramdır. Axı, bu da bir qayıdışdır – təhsilimizə, gələcəyimizə qayıdış”.
Söhbət edə-edə məktəbə çatırıq. Bayraqlarla, əlvan şarlar, gül-çiçəklərlə bəzədilmiş həyətdə qələbəlikdir. Qəsəbə sakinləri, qonaqlar, müəllimlər, səliqəli geyimləri ilə diqqət çəkən şagirdlər... Hər kəsin çöhrəsində həyəcan qarışıq bir sevinc var. Xüsusən də ilk dəfə məktəbə gedəcək birincilərin və onların valideynlərinin.
Şagirdlərin əhatəsində dayanmış müəllimlərə yaxınlaşıram. Məktəbin direktoru Zamin Həziyev sıra ilə dayanmış şagirdləri göstərib fərəhlə deyir: “Hələlik 60-a yaxın şagirdimiz var. Tezliklə yeni evlərin də inşası başa çatacaq. O zaman şagird əlindən tərpənə bilməyəcəyik”.
Direktor müəllim heyətini təqdim edir. Şagirdlərin təlim-tərbiyəsi ilə 16 müəllim məşğul olacaq.
Mehribanlıqla gülümsəyən müəllimlərin içərisində tanış simaya rast gəlirəm. O, bir müddət əvvəl qəsəbədə inşaat işləri yekunlaşan vaxt müsahibə aldığım Siyasət müəllimədir. “Axır ki, çoxdan gözlədiyim gün gəlib çatdı. Bu gün mən ilk dəfə qəsəbəmizin uşaqlarının qarşısında fəxrlə “Uşaqlar mən sizin müəlliminizəm, doğma məktəbinizə xoş gəlmisiniz” deyəcəm. Bundan da böyük səadət olarmı”, - deyə Siyasət müəllimə sevincini belə ifadə edir.
Sonra direktor ilk pedaqoji fəaliyyətinə Cocuq Mərcanlı məktəbində başlayacaq gənc müəllimləri göstərir. Onlardan biri də riyaziyyat müəlliməsi Leyla Maqsudovadır. O deyir: “Bu gün bizim üçün, sözün əsl mənasında, tarixi gündür. Həm sevib-seçdiyimiz müəllimlik fəaliyyətinə başlayırıq, həm də Cocuq Mərcanlının yeni tarixinin şərəfli səhifələrini birgə yazırıq. Sevincimiz hədsizdir. Gənc müəllim kimi bizə və Cocuq Mərcanlı sakinlərinə bu sevinci yaşadan Prezidentimizə minnətdarlığımı bildirirəm”.
Növbəti müsahibim məktəbli geyimindəki kiçik qızın əlindən tutmuş qadındır.
- Yəqin nəvənizdir? - deyə soruşuram.
- Bəli, dövlətimiz var olsun. Qəsəbədə gözəl mənzillə təmin
olunmuşuq. Bu gün isə sevincimizin üstünə daha bir sevinc də gəlir. Nəvəm ilk dəfə məktəbə qədəm qoyur. Həm də doğma kəndimizdəki məktəbə. Bizə bu günləri yaşadan Prezidentimizə çox-çox minnətdaram.
Balaca qızdan adını soruşuram. “Zemfiradır”, - deyir.
- Nə qəşəng çantan var, yəqin içi də doludur?
- Bəli, qələm, xətkeş, dəftər, hamısını hədiyyə ediblər.
- Onları sənə kim verib?
Qızcığac duruxur, bir qədər fikirləşib deyir:
- Yaxşı əmilər.
Ətrafdakıların üzündə təbəssüm yaranır.
- Başqa nə hədiyyə ediblər?
Zemfira düşünmədən hamının ürəyindən keçən cavabı verir:
- Bu məktəbimizi.
...Düşmən əlindən qurtulmuş Cocuq Mərcanlının işıqlı gələcəyindən soraq verən bu bilik ocağında ilk zəng səslənir. Əllərində gül-çiçək tutmuş məktəblilər və müəllimlər siniflərə daxil olurlar. İnanırıq ki, zamanın ağır sınaqlarını geridə qoymuş Cocuq Mərcanlı uşaqlarını öz qoynuna alan bu məktəbdə çiçəklənən Azərbaycan üçün bilikli və layiqli vətəndaşlar yetişdiriləcək.