YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Füzuli şəhəri Zəfərimizin qüdrətini, Böyük Qayıdışın sevincini özündə təcəssüm etdirir

“44 günlük İkinci Qarabağ müharibəsinin  qürur, zəfər günlərindən biri  17 oktyabr 2020-ci il  tarixidir.  Bu tarixdə rəşadətli Ordumuz  Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini və Füzuli şəhərini işğaldan azad etdi. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilib. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin ən ağır və həlledici hərbi əməliyyatlarından biri oldu. Düşmən 30 il ərzində təmas xəttində keçilməz hesab olunan istehkamlar qurmuşdu. Lakin Azərbaycan Ordusunun yüksək peşəkarlığı, qəhrəmanlığı və taktiki gedişləri nəticəsində bu istehkamlar yarıldı. Füzulinin azad edilməsi hərbi baxımdan strateji üstünlük qazandırdı. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsinin 21-ci günündə - 17 oktyabr 2020-ci il tarixdə  xalqa müraciətində Füzuli şəhərinin və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərinin azad olunması müjdəsini verdi. Həmin müraciətdə Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirmişdir ki, vaxt keçəcək bu döyüşlər haqqında kitablar, əsərlər yazılacaq. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi.

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz iradəsini və torpaqlarımızın tarixi sahibinə qovuşmaq inamının nə qədər güclü olduğunu bütün dünyaya sübut etdi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edildi. Həmin Sərəncamla 17 oktyabr Füzuli Şəhəri Günüdür. 30 ilə yaxın davam edən həsrətdən sonra Füzuli bu gün həm hərbi Zəfərimizin qüdrətini, həm də sürətli dirçəlişin və Böyük Qayıdışın sevincini özündə təcəssüm etdirir. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı  təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, əsası 1827-ci ildə qoyulan və ilkin olaraq Qarabulaq, daha sonra Qaryagin adlandırılan bu qədim yaşayış məskəninə 1959-cu ilin aprelində  böyük  Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə  Füzuli rayonu adı verilmişdir. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. Qarabağın cənub-şərq qapısı sayılan, strateji coğrafi mövqeyə və zəngin mədəni irsə malik olan Füzuli rayonu 23 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 27 illik işğal dövründə Füzuli şəhəri və onun kəndləri görünməmiş bir vandalizmə məruz qaldı. Evlər, tarixi-dini abidələr, qəbiristanlıqlar tamamilə dağıdıldı, infrastruktur yerlə-yeksan, yaşıllıqlar məhv edildi. Dövlətimizin başçısı İlham Əliyev 17 oktyabr  2020-ci il tarixli xalqa  müraciətində bu məqamı xüsusi qeyd etmişdir ki, sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir. Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürü, şahididir.

Malik Həsənov bildirib ki, azad Füzuli genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır: “Böyük Qayıdış Proqramı çərçivəsində şəhər tamamilə müasir standartlara uyğun, “ağıllı şəhər” konsepsiyası əsasında yenidən qurulur. Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılır. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istifadəyə verilib. 8 ay ərzində  inşa edilərək istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı bölgənin mühüm logistik və nəqliyyat qovşağına, bütövlükdə Qarabağın hava qapısına çevrildi. Dövlətimizin başçısı İlham Əliyev və Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan hava limanının  açılış mərasimində iştirak etdilər. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü ildə  “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etdi. Baş Planda əsas hədəflər öz əksini tapıb. Ümumi sahəsi 2 min hektara yaxın olan Füzuli şəhərinin Baş planına əsasən, 2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur. Dövlət başçısı İlham Əliyevin  xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Prezident İlham Əliyevin ötən  dövr ərzində Füzuli rayonuna etdiyi 25 səfər ümumilikdə  azad edilmiş ərazilərdə icra olunan irimiqyaslı bərpa-quruculuq işlərinin  miqyasının, dinamikasının və  bu bölgəyə verilən  strateji önəmin aydın ifadəsidir.  Hər bir səfər konkret infrastruktur, iqtisadi və sosial layihələrin təməlqoyma və ya açılış mərasimlərinin keçirilməsi ilə yadda qalır. Sakinlərin rahat və yüksək səviyyədə  yaşayışını təmin etmək üçün bütün zəruri  işlər görülür. Yaşayış kompleksləri, məktəblər, bağçalar tikilir.   Şəhərin bərpasında Türk dünyasının qardaşlıq dəstəyi xüsusi yer tutur. Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy adına tam orta məktəb və Qazaxıstanın hədiyyəsi olan  Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu birliyin ən gözəl rəmzləridir. Füzulilər Böyük Qayıdışın sevincini yaşayırlar. İllərdir yurd həsrəti ilə yaşayan  Füzuli sakinləri mərhələli şəkildə öz dogma yurd-yuvalarına qayıdırlar. 2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir. 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb”.

Millət vəkili ümumiləşdirilmiş şəkildə qeyd edib ki, Füzuli Şəhəri Günü  30 ilə yaxın müddətdə işğal altında qalan, dağıdılan, viran qoyulan torpaqlarımızın azadlığının, milli birliyimizin və sarsılmaz iradəmizin təntənəsidir. Canlarını Vətən uğrunda fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində dərin ehtiramla anılır.