Xəbərlər
Elmar Məmmədyarov: Azərbaycan Vyetnam ilə Avropa arasında nəqliyyat bağlantısı rolunu oynaya bilər
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyetnama rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Nquyen Xuan Fuk ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Elmar Məmmədyarov 1959-cu ildə Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti Ho Şi Minin Azərbaycana səfərini, həmçinin 1983-cü ildə ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən Vyetnama səfərini xatırladaraq Azərbaycan və Vyetnam arasında sıx dostluq əlaqələrinin dərin tarixi köklərinin olduğunu bildirib.
Elmar Məmmədyarov 2017-ci ilin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar əlamətdar olduğunu vurğulayaraq, rəsmi səfəri çərçivəsində münasibətlərin qurulmasının 25 illiyinə həsr edilmiş “Vyetnam-Azərbaycan əlaqələrinin 25 illiyi: nailiyyətlər və perspektivlər” mövzusunda konfransda iştirak etdiyini, geniş müzakirələr aparıldığını bildirib.
Nazir həmsöhbətinə Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən Şimal-Cənub dəhlizi barədə məlumat verərək, Azərbaycanın Vyetnam ilə Avropa arasında nəqliyyat bağlantısı rolunu oynaya biləcəyini diqqətə çatdırıb. Bu xüsusda, qeyd edilən dəhliz vasitəsilə Vyetnamın ixrac məhsullarının Avropa bazarına çıxarılması üçün əlverişli imkanların mövcudluğu qeyd olunub.
Vyetnamın Avropa İttifaqı bazarına ixracının artmaqda olduğunu qeyd edən Baş nazir Azərbaycan tərəfinin bu təklifinin cəlbedici olduğunu, bununla bağlı Vyetnam tərəfinin müzakirələrə açıq olduğunu bildirib. Baş nazir Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsinin iki ölkənin mövcud potensialına cavab vermədiyini qeyd edərək, ikitərəfli iqtisadi münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətindən söz açıb. Bu xüsusda, Baş nazir Vyetnam bazarının Azərbaycanın neft maşınqayırma sənayesi məhsulları üçün açıq olduğunu bildirib. Görüşdə Vyetnamda istehsal olunan məhsulların Azərbaycan bazarına da ixracı məsələsi müzakirə olunub.
Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsində Hökumətlərarası Birgə Komissiyanın mühüm rola malik olduğu bildirilib və komissiyanın qarşıdan gələn iclaslarında müxtəlif sahələr üzrə ekspertlərin iştirakının vacib olduğu qeyd edilib. Həmçinin iki ölkənin işgüzar dairələri arasında birbaşa təmasların qurulması və biznes forumların keçirilməsinin əhəmiyyətinə toxunulub.