Xəbərlər
Serbiya Prezidenti Aleksandr Vuçiç: Belqrad ilə Bakı müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq həyata keçirirlər
“Ötən 20 il ərzində Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli və çoxtərəfli fəaliyyət sahələrində səmərəli əməkdaşlıq üzrə böyük təcrübə qazanılıb. Əhəmiyyətli siyasi dialoq, fəal parlamentlərarası əməkdaşlıq qurulub, iqtisadi, investisiya, elmi-texniki, humanitar və digər sahələrdə geniş əlaqələr yaradılıb. Həmçinin Belqrad ilə Bakı müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq həyata keçirirlər”. Bu sətirlər Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunda yer almışdır.
Təbrikdə belə bir inam vurğulanır ki, gələcəkdə də ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrini daha da inkişaf etdirəcək və qarşılıqlı maraq doğuran nəticələrin əldə olunmasında birgə səmərəli səylərimizi əsirgəməyəcəyik. Əminəm ki, bu, dost Serbiya və Azərbaycan xalqlarının maraqlarına tam uyğundur.