Xəbərlər
Piter Teys: ABŞ Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını nəzərdən keçirməlidir
Avqustun 7-də Ermənistan qoşunlarının Tovuz rayonunda dinc sakinlərə hücumu Avropa İttifaqının (Aİ) qurumları, Avropa ölkələrinin hökumətləri və ATƏT tərəfindən fəal şəkildə pislənməlidir.Bunu Trend-ə ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.
O deyib: “ABŞ Dövlət katibi və Maliyyə Departamentinin katibi Ermənistana qarşı iqtisadi sanksiyaların tətbiq olunması məsələsinə baxılması üçün təcili surətdə iclas çağırmalıdır. Dünya ictimaiyyəti Ermənistan hökuməti və korrupsiyaya qurşanmış qoşunları tərəfindən həyata keçirilən bəşəriyyətə qarşı cinayətlərlə bağlı susmaqda davam edir. Bu münasibət Yerevanın cəzasızlığına gətirib çıxarır və erməniləri bəşəriyyətə qarşı bu cür cinayətlərə təşviq edir”.
Ekspert qeyd edib ki, beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın dinc sakinlərinə qarşı zorakılıq aktlarını pisləməli və Azərbaycanın suveren ərazilərindən qoşunları çıxarmayanadək Ermənistana siyasi və iqtisadi sanksiyalar tətbiq etməlidir.
Qeyd edək ki, Ermənistan hərbi hissələri avqustun 7-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.