Xəbərlər
İbrahim Türkmən: Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi tarixi qərardır
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Tehranda səfərdə olan Azərbaycan nümayəndə heyəti avqustun 7-də İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən ilə görüşüb.
Azərbaycanı dost və qardaş ölkə adlandıran Ə.İ.Türkmən iki ölkə arasında münasibətlərin inkişaf dinamikasının sevindirici olduğunu deyib. O bildirib ki, mədəni əlaqələrin yaxınlaşdırılması istiqamətində bir sıra əhəmiyyətli addımlar atılıb. Ötən ay Tehranda Azərbaycan mədəniyyəti günlərinin keçirildiyini xatırladan Ə.İ.Türkmən xalqlarımızın ortaq mənəvi dəyərlərə malik olduğunu qeyd edib.
Nəzərə çatdırılıb ki, Azərbaycan Prezidentinin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsi olduqca əhəmiyyətli və tarixi qərardır. Bu gün dünyada, xüsusilə İslam aləmində baş verən hadisələr həmrəyliyi zərurətə çevirib. Azərbaycan Prezidentinin də həmrəylik çağırışları İslam dünyasında sülhün bərqərar olmasına xidmət edir. Buna görə də Azərbaycan Prezidentinin bu təşəbbüsünə hərtərəfli dəstək verilməlidir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Tehranda “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda konfransın keçirilməsində təşkilatçı qismində iştirak etdiyinə görə minnətdarlığını bildirib. Qeyd edib ki, konfransda İranın görkəmli din alimləri iştirak edərək həmrəylik haqqında öz fikirlərini çatdırıblar. Bu konfrans Bakıda da keçiriləcək və İran tərəfi geniş tərkibdə dəvət olunacaq.
Allahşükür Paşazadə İran-Azərbaycan münasibətlərinə toxunaraq qeyd edib ki, iki qardaş ölkə arasında nifaq salmağa çalışanlar buna nail ola bilməyiblər. İnşallah, bundan sonra da nail ola bilməyəcəklər, çünki bizim əlaqələrdə mənəvi dəyərlərə üstünlük verilir.
Görüşdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili ölkədə “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etməsi təsadüfi xarakter daşımır. Bu gün İslam dünyasında mürəkkəb proseslər gedir. İslam dünyasında daha çox vəhdətə və həmrəyliyə ehtiyac duyulur.
M.Qurbanlı bildirib ki, eyni mahiyyətli konfransın ilin sonunadək Özbəkistan, İspaniya, Türkiyə, Mərakeş, Rusiyada da keçirilməsi nəzərdə tutulub.
Görüş zamanı mədəni əlaqələrin daha da yaxınlaşdırılması məsələləri müzakirə edilib.