Xəbərlər
Məhəmməd Cavad Zərif: Prezident İlham Əliyevin həmrəylik çağırışı təqdirəlayiqdir
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə İranda səfərdə olan Azərbaycan nümayəndə heyəti avqustun 7-də bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.
Görüşdə İran-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib. Nəzərə çatdırılıb ki, dünyada cərəyan edən gərgin siyasi proseslər həmrəyliyi zərurətə çevirib. Azərbaycan hər zaman İranın dəstəyini hiss edib. Hər iki ölkənin nümayəndələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər.
“İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, suverenliyinə hörmətlə yanaşır”, - deyən Məhəmməd Cavad Zərif qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin islam həmrəyliyi ilə bağlı çağırışları təqdirəlayiqdir. O, hazırkı dövrdə İslam dünyasında həmrəyliyə böyük ehtiyacın olduğunu qeyd edib.
UNESCO-da baş direktor vəzifəsinə seçkilər məsələsinə toxunan nazir bildirib ki, İran bu işdə azərbaycanlı namizədə üstünlük verməyə çalışacaq.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda keçirilən konfransa verdiyi dəstəyə görə İranın xarici işlər nazirinə təşəkkürünü bildirib. O, eyni mahiyyətli konfransın Prezident İlham Əliyevin qayğısı ilə digər İslam ölkələrində də keçiriləcəyini diqqətə çatdırıb.
Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları Eldar İbrahimov, Hikmət Məmmədov, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak ediblər.