Xəbərlər
İslam həmrəyliyi təkcə müsəlman aləmində deyil, bütün dünyada sülhün və əmin-amanlığın bərpasına kömək edə bilər
Avqustun 6-da Tehranda “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda konfrans keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan etməsi ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq keçirilən konfransı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), İran İslam Respublikasının İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosiasiyası, eləcə də Mədəniyyət və İslam Əlaqələri Təşkilatı ilə birgə təşkil edib.
“İslam Həmrəyliyi ili” çərçivəsində bir neçə xarici ölkədə tədbirlərin keçirilməsi nəzərdə tutulub və “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusundakı konfrans bu qəbildən ilk beynəlxalq tədbirdir. Konfransda İranın nüfuzlu din xadimləri, xarici işlər və mədəniyyət nazirliklərinin nümayəndələri iştirak ediblər.
Konfransı İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosiasiyasının baş katibi Ayətullah Möhsün Əraki açaraq, hazırki mürəkkəb tarixi mərhələdə İslam həmrəyliyinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, İslam insanları humanizmə, sülhə və əmin-amanlığa çağıran dindir. Bu dinin böyük tarixi var, bu tarixin öyrənilməsi olduqca vacibdir. Son zamanlar İslama qarşı qərəzli mövqe tutulması müşahidə edilir və İslam dinin adı terrorçuluqla bərabər çəkilir. Bu kimi qərəzli mövqelərin qarşısını almaq üçün İslam dinini düzgün təbliğ etmək və insanlara bu dinin mahiyyətini izah etmək lazımdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir. Burada müxtəlif dinlərə və məzhəblərə mənsub insanlar bərabər və mehribanlıq şəraitində yaşayırlar. Azərbaycan Prezidenti İlham Əliyev İslam dininə xüsusi əhəmiyyət verərək, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edib. Bu il çərçivəsində Bakıda İslam Həmrəyliyi Oyunları keçirilib. Oyunlara qatılan İslam ölkələri bütün dünyaya həmrəylik nümayiş etdiriblər.
İranın keçmiş xarici işlər naziri Mənüçöhr Möttaki çıxış edərək, Azərbaycanda İslam dininə yüksək dəyər verildiyinin sevindirici hal olduğunu bildirib. Qeyd olunub ki, hər iki xalqın eyni dinə və məzhəbə mənsub olması əlaqələrin inkişafına böyük təkan verir. Xalqların milli adət-ənənələrinin də eyniliyi dövlətlərin yaxınlaşmasını şərtləndirir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı nəzərə çatdırıb ki, müasir dünyanın elə bir regionu yoxdur ki, orada ekstremist qruplaşmalar tərəfindən terror aktları törədilməsin. Təəssüflər olsun ki, adətən bu terror aktları İslam pərdəsi altında gizlənən, amma əsl İslama heç bir aidiyyəti olmayan terrorçu dəstələr tərəfindən həyata keçirilir. Ən dəhşətlisi isə odur ki, bu cür hadisələrin qurbanı daha çox müsəlmanlar olmasına baxmayaraq, qınanan da məhz onlar olur. Ümumiyyətlə, din və terrorizm bir-birinə zidd anlayışlardır. Əsl dinin olduğu yerdə ekstremizmə və radikalizmə yer yoxdur.
Dünya xəritəsinə nəzər salsaq görərik ki, müsəlmanlar dünya əhalisinin təqribən 23 faizdən çoxunu təşkil edir. Həmçinin planetimizin quru sahəsinin 19 faizi müsəlman dünyasının ərazisindədir. Olduqca strateji əhəmiyyətə malik olan bu məntəqələr yeraltı və yerüstü sərvətlərlə zəngindir. Hazırda dünyada olan neft ehtiyatlarının təxminən 62, təbii qazın isə 60 faizi müsəlman ölkələrinin payına düşür. Bu isə onu göstərir ki, müsəlman ölkələri dünya siyasətində çox ciddi rol oynayır, odur ki, İslamın nüfuzdan salınmasında maraqlı olan dairələr var. Halbuki müsəlman ölkələrində terror törədənlərin İslam adı altında fəaliyyət göstərən və bəzi dairələr tərəfindən maliyyələşdirilən qruplar olduğu artıq heç kəsə sirr deyil.
M.Qurbanlı bildirib ki, bu ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi bizim üçün qürurverici olmaqla yanaşı, dövlətimizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir.
Milli Məclisin komitə sədri, Azərbaycan-İran parlamentlərarası işçi qrupunun sədr müavini Eldar İbrahimov deyib ki, iki ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatmasında ümummilli lider Heydər Əliyevin böyük rolu var. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən 1992-ci ilin avqust ayında İrana səfər edib və hərtərəfli əməkdaşlıq əlaqələrinin əsasını qoyub. Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev İran ilə əlaqələrin inkişafına xüsusi önəm verir.
Azərbaycanın Rusiyadakı səfiri, UNESCO-nun baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlu çıxışında bildirib ki, belə konfransların təşkili yalnız faydalı ola bilər. Bu fayda isə ondan ibarətdir ki, İslam dinini araşdıran alimlər bu dini doğru düzgün şəkildə insanlara çatdırırlar. İran və Azərbaycan xalqlarının eyni dinə mənsubluğu hər iki dövlətin beynəlxalq arenada həmrəylik nümayiş etdirmələrini və nümunə göstərmələrini əsaslandırır.
Öz fəaliyyəti haqqında məlumat verən səfir P.Bülbüloğlu İranın da UNESCO çərçivəsində fəal işlədiyini bildirib və xatırladıb ki, o, qurumun baş direktoru vəzifəsinə yeganə müsəlman namizəddir. P.Bülbüloğlu nəmizədliyinin İran nümayəndələri tərəfindən dəstəklənəcəyinə əminliyini ifadə edib.
Milli Məclisin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov çıxış edərək təbliğat məsələlərində informasiyanın əhəmiyyətindən danışıb. Nəzərə çatdırıb ki, İslam dini haqqında yayılan qərəzli məlumatların əsası yoxdur. İnformasiyadan istifadə edən bəzi siyasi dairələr insanların düşüncəsinə təsir edərək münaqişələr yaradır və öz maraqlarını güdürlər. Bu kimi halların qarşısını almaq üçün alim və mütəfəkkirlər istər mediada, istərsə də sosial şəbəkələrdə fəal olmalı, insanlara həqiqətin nədən ibarət olduğunu izah etməlidirlər.
Konfransda İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosasiyasının müşahidə şurasının üzvü, böyük islamşünas alim Axund Rəhbəri, Ayətullah Məhəmməd Təsxiri, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, İran İslam Respublikasının Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejat, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini, müfti Salman Musayev, İmam Sadiq Universitetinin müəllimi doktor Derəxşe və başqaları çıxış edərək İslam həmrəyliyindən danışıblar.
Sonda İran İslam Respublikasının Ali Dini Rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Ayətullah Möhsün Qumi çıxış edib. Qeyd edib ki, İslam həmrəyliyi yalnız müsəlman aləmində deyil, bütün dünyada sülhün və əmin-amanlığın bərpasına kömək edə bilər. Xalqlar və dövlətlər dünyanın inkişafı prosesində daima əlaqədə olublar. Xalqların arasında düşmənçiliyin yaranması cahillikdən irəli gəlir. Həmrəylik bu münaqişələrin yaranmasının qarşısını ala biləcək bir vasitədir.
Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin İslam həmrəyliyi ideyasını yüksək qiymətləndiriblər, bu ideyanın olduqca əhəmiyyətli olduğunu, müasir dünyanın məhz həmrəyliyə ehtiyac duyduğunu bildiriblər.
Sonra konfrans iştirakçıları arasında bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.