YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəttah Heydərov: Azərbaycan mədəniyyət və incəsənət sahəsində də dünyaya örnək ola bilər

Qəbələ Beynəlxalq Musiqi Festivalı son zamanlar Azərbaycanda ənənəvi keçirilən mühüm tədbirlərdən birinə çevrilib. Bu festival Heydər Əliyev Fondunun çox uğurlu layihələrindən biridir. Çox şadam ki, dünyada kifayət qədər tanınan və sevilən, canlı ifalarının dinlənilməsi hər vaxt mümkün olmayan korifey sənətkarlar Qəbələ festivalının iştirakçısı olur, gözəl konsertləri ilə yerli və xarici tamaşaçıların zövqünü oxşayırlar.

Bu sözləri jurnalistlərə müsahibəsində Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov deyib.

Milli Məclisin deputatı bildirib ki, Qəbələ festivalı xarici qonaqlara Azərbaycan bəstəkarlarının əsərlərini təqdim etməklə yanaşı, yerli musiqisevərlərə dünyanın klassik sənət inciləri ilə yaxından tanış olmaq imkanı yaradır: “Müxtəlif ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların iştirak etdiyi IX Qəbələ Beynəlxalq Musiqi Festivalında səsləndirilən Azərbaycan və Avropa bəstəkarlarının əsərləri böyük tamaşaçı marağına səbəb olur. Festival günlərində Qəbələdə böyük izdiham yaşanır, xüsusi ab-hava hökm sürür”.

Festivalda musiqiçilərin gözəl ifalarından və yaddaqalan çıxışlarından danışan Fəttah Heydərov bu tədbirin gözlənildiyi kimi böyük marağa səbəb olduğunu bildirib. “Buraya gələn xarici qonaqlar ölkəmizin inkişafı, xalqımızın adət-ənənələri və mədəniyyəti, milli musiqimiz, muğam və bəstəkar əsərləri ilə yaxından tanış olurlar. Yerli və xarici musiqiçilər və tamaşaçılar bir-biri ilə ünsiyyət qurur, xalqlar arasında mədəni əlaqələrə töhfə verən qarşılıqlı təcrübə və yaradıcılıq söhbətləri aparırlar. Festival onu göstərir ki, Azərbaycan hər sahədə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də dünyaya örnək ola bilər. İstedadlı xalqımız bu dəfə də nəyə qadir olduğunu yüksək səviyyədə sübut edir və ölkəmiz belə yüksək səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübəsi və ənənəsi olan dövlətlərdən heç də geridə qalmadığını göstərir. Azərbaycanlılar həmişə sülh, tərəqqi istəyən bir xalq olub”.

Milli Məclisin deputatı Qəbələdə beynəlxalq musiqi festivalının keçirilməsinin təşəbbüskarı olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya mədəniyyətimizə, milli musiqimizin inkişafına, bu sahədə ölkəmizin dünyada tanınması işinə daim qayğı göstərdiyi üçün minnətdarlıq edib. “Sizi əmin edirəm ki, Heydər Əliyev Fondunun uğurlu layihələrindən olan bu beynəlxalq musiqi festivalı hələ uzun illər keçiriləcək, Qəbələ dünyanın mədəniyyət mərkəzinə çevriləcək və burada bəşəriyyətin ən gözəl klassik əsərləri korifey sənətkarların canlı ifasında dinləniləcək”.