Xəbərlər
Prezident İlham Əliyev: Jurnalistlərin məişət problemlərinin həlli üçün bundan sonra da biz öz addımlarımızı atacağıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etdi. Milli Mətbuat Günü ərəfəsində bu mənzillərin paylanması, ilk növbədə, yeni mənzil alan jurnalistlərin, onların ailə üzvlərinin bayram sevincini yüksəklərə qaldırdı. Prezident İlham Əliyevin mərasimdəki proqram xarakterli nitqində toxunulan məsələlər bir daha nümayiş etdirdi ki, Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi dövlət üçün prioritet məsələdir. Ortada isə iftixar ediləsi bir gerçəklik var: jurnalistikanın inkişafına qayğı söz və mətbuat azadlığına ehtiramdır.
Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davam edən proses özündə bir sıra mühüm dövlətçilik ənənələrini əks etdirir. Əvvəlcə bu davamlı prosesə aid xüsusiyyətlərə və onların mahiyyətinə nəzər salaq:
-daxili siyasətdə sosial ədalətin qorunması;
-vətəndaşın intellektual imkanları ilə dövlətin gücü arasında sarsılmaz vəhdət;
-vətəndaş bərabərliyinin əhəmiyyətinə verilən dəyər;
-vətəndaşda mükəmməl təhsilə, dövlət qarşısında xidmətlərə və ümumi işgüzarlığa yüksək etimad yaratmaq.
İndi isə yuxarıda qeyd etdiyim məqamlar haqqında. “Daxili siyasətdə sosial ədalətin qorunması” prinsipinə dair mülahizələrdən öncə Prezident İlham Əliyevin sözügedən mərasimdəki proqram xarakterli nitqindən bir məqamı təqdim edək: “Prezident kimi mən azad medianın inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm. Jurnalistlərin məişət problemlərinin həlli üçün bundan sonra da biz öz addımlarımızı atacağıq. Çünki mən yaxşı başa düşürəm ki, jurnalist biznesmen, iş adamı deyil. Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanınızdadır. Azərbaycan dövləti güclü dövlətdir, sosial dövlətdir. Siz bilirsiniz ki, biz sosial məsələlərin həlli üçün bütün lazımi tədbirləri görürük. Neftin qiymətinin qalxmasına, düşməsinə baxmayaraq, sosial proqramların icrasında heç bir geriləmə, yubanma yoxdur. İkinci binanın tikintisinə dörd il vaxt gedib. Bu üçüncü binanı da biz maksimum üç ilə tikməliyik. Qaldı maliyyə vəsaitinə, burada heç bir problem olmayacaq ki, biz sizinlə tezliklə üçüncü binanın açılışında görüşək”. Dövlətimizin başçısı nitqinin bu yerində xüsusi olaraq mesaj verdi ki, cəmiyyətin inkişafında, ölkəmizin beynəlxalq miqyasda tanınmasında və müdafiə olunmasında, dövlətin qüdrətlənməsində böyük rola malik jurnalistlərin dövlətdən qayğı ummağa haqları var. Bu umacağı lazımi qaydada dəyərləndirmək isə məhz Azərbaycanın dövlətçilik ənənələrindən irəli gəlir. Çünki hazırda, eləcə də onilliklər boyunca keçmiş sovetlər birliyi istisna olmaqla, heç bir ölkədə KİV nümayəndələrinə dövlət tərəfindən ödənişsiz mənzil verilmir.
KİV nümayəndələri üçün sayca 3-cü yaşayış binasının təməlinin qoyulması bir daha göstərdi ki, bu davamlı proses vətəndaşın intellektual imkanları ilə dövlətin gücü arasında sarsılmaz vəhdət yaradır. Bəli, KİV təmsilçisi hansı vəzifədə çalışmasından asılı olmayaraq, ilk növbədə, vətəndaşdır və onun əməyi intellektual gücdən qaynaqlanır. Növbəti yaşayış binasının tikilməsi üçün nəzərdə tutulan 4 illik zaman kəsiyi ilə razılaşmadığını ifadə edən Prezident İlham Əliyev əslində bu mesajı ilə KİV təmsilçilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün kompleks məqsədlərin olduğunu ifadə etdi. Dövlətimizin başçısının “Jurnalistlər şəhərciyi” adlandırdığı yeni yaşayış massivinin müasirləşən infrastrukturu isə böyük bir əraziyə xidmət üçün nəzərdə tutulan layihə olaraq ortaya çıxır. Prezident İlham Əliyev deyib: “Əlbəttə ki, biz jurnalistlərin məişət problemlərinin həlli üçün gələcəkdə əlavə tədbirlər görəcəyik. Mənə deyiblər ki, burada yeni yola ehtiyac var. Çünki indi yol bir tərəfdən çəkilibdir, ona görə müvafiq göstəriş verilibdir ki, hər iki tərəfə çıxış olsun, insanlar burada daha da rahat yaşasınlar”.
Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı tədbirlər çərçivəsində nümunəvi bir addım kimi mənzillərin bölüşdürülməsindəki ədaləti göstərə bilərik. Bu məsələdə də Prezident İlham Əliyevin fikrinə müraciət edək: “Bu binalarda yaşayan və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir və burada da heç bir ayrı-seçkiliyə yol verilmədi. Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə kimi yaşayacaqlar. Əslində, Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylik var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşib”.
Əlbəttə ki, ən əlamətdar hallardan biri də iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin paylanması mərasimində iştirak edən müxalifəti təmsil edən KİV nümayəndələrinin yüksək mədəniyyətlə dövlətimizin başçısına yaxınlaşıb göstərilən bərabərliyə və ədalətli bölgüyə görə minnətdarlıqlarını ifadə etmələridir. Bəli, Prezident İlham Əliyevin atdığı humanist addımın qarşılığı, əslində, bütün dünya ictimaiyyətində ölkəmizdəki dinamik yüksəlişdə olan siyasi mədəniyyətin, prezident-vətəndaş münasibətlərindəki sağlam elementlərin mövcudluğunu nümayiş etdirdi. Bununla bərabər, Prezident İlham Əliyev “hər bir jurnalist mənim köməkçimdir” ifadəsi ilə KİV-ə güvəndiyini və medianın ümumi gücü ilə cəmiyyətdəki problemlərin üzə çıxarılmasının vacibliyinə işarə etdi. Buradakı vətəndaş bərabərliyi Azərbaycan dövlətinin mahiyyətinin əhəmiyyətli göstəricilərindəndir.
Artıq 30 ilə yaxındır ki, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə yaranan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün bir nömrəli problemə çevrilib. Azərbaycan torpaqlarının iyirmi faizinin təcavüzkar Ermənistan tərəfindən işğal olunması keçmiş SSRİ-nin süqutu dövründən başlayaraq ölkəmizdə yaranan ictimai-siyasi xaos, hakimiyyət və xalq arasındakı uçurum dövrünə təsadüf edir. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev zəngin dövlətçilik təcrübəsi və müdrik siyasəti ilə Azərbaycanda vətəndaş həmrəyliyi yaradaraq, düşmənə qarşı mübarizənin istiqamətlərini müəyyən etdi. Bu istiqamətlərdən biri də Azərbaycanın informasiya blokadasından çıxarılması idi. İndi isə vəziyyət tamamilə dəyişib. Hazırda Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması üçün çoxşaxəli fəaliyyət göstərilməkdədir. Prezident İlham Əliyev deyib: “Biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırırıq və çatdırmalıyıq. Mən burada medianın rolunu yüksək qiymətləndirirəm, işlər davam etdirilməlidir. Əlbəttə, mən görürəm, bilirəm və buna sevinirəm ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi dönüş yarada bildik. Çünki əvvəlki dövrlərdə vəziyyət belə idi - hökumətlərarası, dövlətlərarası münasibətlərdən, mənim həmkarlarımla çoxsaylı görüşlərimdə hamı bilirdi, etiraf edirdi və xəritəyə baxanda hər şey bəlli idi ki, kim işğalçıdır, kim işğalın qurbanıdır. Ancaq bu məlumat demək olar ki, siyasi elitanın inhisarında qalırdı. Xarici ölkələrin media nümayəndələri ya bilməyərəkdən, ya da qəsdən ictimai fikrə bu münaqişə ilə bağlı yalan və təhrifedilmiş informasiyalar ötürürdülər”. Müasir informasiya savaşı yüksək intellekt, dövlət və xalq qarşısında sevgi, çevik və operativ fəaliyyət üslubu, işgüzarlıq tələb edir. Məhz bütün bu cəhətlərin birlikdə mövcudluğunun nəticəsidir ki, son iki əsrdə Azərbaycana qarşı bütün dünyada amansız böhtan kampaniyası aparan ermənilər bir-birinin ardınca sarsıdıcı zərbələr almaqdadırlar. Tarixin heç bir dövründə dünya erməni diasporu bugünkü qədər aciz durumda qalmayıb. Bu gün ölkəmizdə KİV nümayəndələrinin sosial vəziyyətinə göstərilən dövlət qayğısı bir tərəfdən ölkə vətəndaşında yüksək təhsilə, dövlət qarşısında xidmətə inam yaradırsa, digər tərəfdən isə media mənsubları üçün ümumi işgüzarlığı daha da artırmağı tələb edir. Hansı ki, məhz bu cəhətlər üzərində formalaşan mübarizə formulu ümummilli maraqlarımızın tələbidir.
İyulun 20-də Milli Mətbuat Günü münasibətilə təşkil olunan mərasimdə çəkilən fotolardan da göründüyü kimi, media mənsubları dövlət başçısı ilə keçirdikləri xoş anları tarixləşdirmək üçün öz ehtiramlarını ortaya qoyublar. Hesab edirəm ki, bu da məhz, ilk növbədə, Azərbaycan vətəndaşının öz rəhbərinə olan məhəbbətinin real təcəssümüdür.
Mərhum jurnalistlər Əli Bayramov, Mahir Nəbili və Adil Baxışovun (Mirseyid) ailələrinin, o cümlədən veteran jurnalistlərdən Telli Pənahqızı, İntiqam Mehdiyev və Svetlana Əliyarovanın, həmçinin bir neçə gənc jurnalist ailənin də yeni mənzillərin sakini olması yalnız bu ailələrə yox, onları tanıyan, sevən oxucu və tamaşaçılar üçün də sevindiricidir.
Qeydlərimin sonunda bir məqama da toxunmaq istərdim. KİV təmsilçiləri üçün dövlət tərəfindən tikilən ikinci binada mənim ailəm üçün də 4 otaqlı mənzil ayrılmışdır. Əlbəttə ki, bu diqqət və qayğıya görə, ilk növbədə, Prezident İlham Əliyevə şəxsən öz adımdan, xüsusilə tələbə övladlarım adından sonsuz minnətdarlığımı çatdırmaq istərdim. Azərbaycan tarixində ilk dəfədir ki, bu qədər çox sayda jurnalist bir şəhərcikdə yaşamaq imkanı əldə edir. Əminliklə deyə bilərəm ki, ilk növbədə, jurnalistlər eyni məkanın sakini kimi qaynayıb–qarışmaqla ölkəmizin ərazi bütövlüyü, dövlətimizin daha da qüdrətlənməsi naminə daha səmərəli fəaliyyət göstərəcəklər.
Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev 2017-ci il iyulun 19-da “Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” və “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında” sərəncamlar imzalayıb. Hər iki Sərəncam ümumilikdə Azərbaycan KİV-in inkişafına və media mənsublarının həyat səviyyəsinin yüksəlməsinə növbəti böyük töhfədir. Bütün bunları ortaya çıxaran yeganə və vacib amil isə Azərbaycanın davamlı inkişafı, Prezident İlham Əliyevin möhkəm siyasi iradəsidir.