YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Hər bir mətbu orqan dövlətçilik maraqlarını öndə saxlamalı, vətənpərvərlik, milli şüur kimi prinsipləri əsas tutmalıdır

«Möhtərəm Prezidentimiz İlham Əliyev cəmiyyət həyatında mətbuatın rolunu yüksək dəyərləndirərək bildirir ki, hüquqi dövləti mətbuatsız təsəvvür etmək qeyri-mümkündür. Ən əsası, müasir dünyada azad medianın səviyyəsi hər bir ölkənin inkişaf səviyyəsini göstərir. Azərbaycan qarşısına inkişaf etmiş ölkələr sırasında addımlamaq hədəfini qoyub. Belə olan halda təbii ki, media ilə bağlı məsələlər də ən yüksək səviyyədə öz həllini tapmalıdır». Bu fikirləri yap.org.az saytına müsahibəsində «İki sahil» qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə bildirib ki, ölkəmizin sürətlə inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi, müasirləşmənin, modernləşmənin dövlət siyasətinin ana xəttini təşkil etdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında yeni vəzifələr durur. Bu vəzifələr bir daha belə bir reallığı təsdiqləyir ki, hər dövrün öz tələbi var. Bu tələblərdən irəli gələn addımlar, imzalanan fərman və sərəncamlar yenilikləri, uğurları qaçılmaz edir. Bu mənada 142 illik tarixə malik milli mətbuatımız zəngin və şərəfli yol keçib, böyük uğurlara imza atıb.

 «Azərbaycanda demokratik inkişafın əsas göstəricilərindən biri qeyd etdiyimiz kimi, mətbuat azadlığının mövcudluğu və bu istiqamətdə atılan addımların davamlı xarakter almasıdır.  Bu gün böyük fəxr hissi ilə qeyd ediriksə ki, Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkələr sırasındadır, bu halda hər bir mətbu orqanın, media nümayəndəsinin üzərinə düşən məsuliyyət daha aydın görünür. Ölkəmizdə internet istifadəçilərinin sayı 80 faizə bərabərdir. Bu günün əsas tələbi budur ki, ictimaiyyətin informasiya tələbatı yüksək səviyyədə ödənilsin. Eyni zamanda günümüzün digər çağırışı informasiya təhlükəsizliyinin təmin edilməsidir. Təbii ki, bu çağırışlar özlüyündə jurnalist məsuliyyəti və peşəkarlığını aktuallaşdırır. Siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq hər bir mətbu orqan dövlətçilik maraqlarını öndə saxlamalı, vətənpərvərlik, milli şüur kimi prinsipləri əsas tutmalıdır»- deyə, V.Rəhimzadə vurğulayıb.