Xəbərlər
Elmar Məmmədyarov: Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu il istifadəyə veriləcək
İyulun 19-da Bakıda Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.
Görüşdən sonra nazirlərin iştirakı ilə mətbuat konfransı təşkil olunub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşün əhəmiyyətindən danışıb, bir sıra önəmli məsələlərin müzakirə olunduğunu bildirib.
Bu il Azərbaycan-Türkiyə və Azərbaycan-Türkmənistan əlaqələrinin 25 illiyinin qeyd edildiyini xatırladan Elmar Məmmədyarov bildirib ki, üçtərəfli görüşdə həyata keçirilən birgə layihələr, iqtisadi məsələlər ətrafında müzakirələr aparılıb.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bu il istifadəyə veriləcəyini qeyd edən Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsinin aparıldığını və yekun olaraq Bakı bəyannaməsinin imzalandığını vurğulayıb. Bildirib ki, növbəti görüşün Türkmənistanda keçirilməsi barədə razılıq əldə olunub.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da görüşdə bir çox sahələrdə, o cümlədən diplomatik, iqtisadi sahələrdə əməkdaşlığın gücləndirilməsinə dair müzakirələrin aparıldığını qeyd edib.
“Biz, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də danışdıq, bir daha bəyan edirik ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanın Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edirik”,-dəyə Türkiyənin xarici işlər naziri vurğulayıb.
Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov da qeyd edib ki, görüşdə bir sıra önəmli məsələlər, o cümlədən enerji, ticarət və mədəniyyət sahələrində əməkdaşlığın müxtəlif istiqamətləri üzrə müzakirələr apardıq. O deyib: “Biz ölkələrimiz arasında əməkdaşlığı daha da genişləndirmək barədə razılığa gəlmişik və nəzərdə tutulanların hamısını həyata keçirməyə hazırıq”.