Xəbərlər
Yaponiyanın “Fuji Optical” şirkətinin rəhbəri: Mən yenidən Azərbaycana qayıdacağam
İyulun 18-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Yaponiyanın “Fuji Optical Co.LTD” şirkətinin rəhbəri, 2006-cı ildə “Nansen qaçqın mükafatı”na layiq görülmüş dünya şöhrətli optometrist Akio Kanai ilə görüşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildiriblər ki, görüşdə Əli Həsənov Azərbaycan və Yaponiya hökumətləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyib və bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlardan, ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həlli istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən danışan Baş nazirin müavini Əli Həsənov Azərbaycanın bütün ölkələrlə, beynəlxalq təşkilatlarla qarşılıqlı, ikitərəfli əməkdaşlığa xüsusi önəm verdiyini deyib.
Baş nazirin müavini qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyondan çox azərbaycanlıya ən çox hərtərəfli yardım edən ölkələrdən biri də məhz Yaponiya olub. 2004-cü ildə ölkəmizdə Yaponiya hökumətinin vəsaiti hesabına 412 evdən ibarət qəsəbə tikilib. Yaponiya, həmçinin beynəlxalq təşkilatlar vasitəsilə, xüsusilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK), ABŞ-ın qeyri-hökumət təşkilatları, Yaponiya Fondu, “Ot kökləri və insan təhlükəsizliyi” layihəsi vasitəsilə ölkəmizdəki qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərib.
Əli Həsənov BMT QAK-a bir çox hökumətlərin, beynəlxalq təşkilatların, özəl qurumların donorluq etdiyini deyib. Bildirib ki, bu özəl təşkilatlardan biri “Fuji Optical”dır. BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, həmçinin Azərbaycan hökumətinin dəstəyi ilə Yaponiyanın “Fuji Optical” şirkətinin nümayəndələri doktor Akio Kanainin rəhbərliyi ilə 2005-ci ildən başlayaraq hər il Azərbaycana səfər edir və məcburi köçkünlərə, qaçqınlara, aztəminatlı əhaliyə oftalmoloji xidmət göstərirlər. Həmin ildən başlayaraq hər il ölkəmizə səfər edən bu missiya ümumilikdə Azərbaycandakı fəaliyyətinin yerinə yetirilməsi üçün 2,5 milyon ABŞ dollarınadək vəsait xərcləyib. 50 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib, qaçqın, məcburi köçkün və aztəminatlı şəxslərə paylanılıb. Ümumilikdə 25 mindən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxs BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin aidiyyəti mərkəzi və yerli hakimiyyət qurumları ilə birgə şərait yaratdığı ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb.
Baş nazirin müavini Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə göstərilən təmənnasız optometrik xidmətə görə Akio Kanaiyə Azərbaycan hökuməti adından təşəkkürünü bildirib, bunun ən böyük humanistlik və xeyirxahlıq nümunəsi olduğunu diqqətə çatdırıb. O, Akio Kanainin rəhbərliyi ilə bu xeyirxah missiyanın hazırkı səfərinin də uğurla həyata keçirilməsi üçün Azərbaycan hökuməti tərəfindən hərtərəfli şərait yaradıldığını söyləyib.
“Fuji Optical” şirkətinin prezidenti Akio Kanai Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün yaradılan hərtərəfli şəraitdən heyran qaldığını və yenidən Azərbaycanda olmağından məmnunluğunu qeyd edib.
O, 6 nəfər optometrist mütəxəssisdən ibarət heyətlə Azərbaycanda görmə qabiliyyətinin müayinəsi üzrə iyulun 11-17-də Mingəçevir, Şəki və Bakı şəhərlərində 13-cü missiyanın uğurla həyata keçirilməsinə lazımi köməklik göstərdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını çatdırıb.
On ildən artıqdır ölkəmizə mütəmadi olaraq səfər etdiyini söyləyən optometrist Azərbaycanda gördüyü qonaqpərvərliyin, mehribanlığın onda xoş təəssüratlar yaratdığını söyləyib. O, gələcəkdə də bu missiyanın davam etdiriləcəyini və yenidən Azərbaycana gələcəyini bildirib.
Akio Kanai Azərbaycanda qaçqın və məcburi köçkünlər arasında həyata keçirdikləri humanitar layihələrin 35 illik fəaliyyətləri dövründə ən uğurlu layihələrdən biri olduğunu qeyd edib.
Görüşdə iştirak edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis dünya şöhrətli optometrist Akio Kanainin rəhbərliyi ilə xeyirxah missiyanın hər səfərinin uğurla həyata keçirilməsi üçün yaratdığı şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O, “Fuji Optical” şirkətinin Azərbaycanda xeyirxah missiyasını gələcəkdə də uğurla davam etdirəcəyinə əminliyini ifadə edib.
Yaponiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Usui Takaaki bu xeyirxah missiyanın Mingəçevir şəhərində məcburi köçkünlərə göstərdiyi xidmətlə yaxından tanış olduğunu qeyd edib və onlar üçün yaradılan şəraiti yüksək qiymətləndirib. O, bunun gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu deyib.