Xəbərlər
Baş nazir Artur Rasi-zadə Avstriyanın federal ailə və gənclər naziri xanım Sofi Karmasinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə iyulun 18-də Avstriyanın federal ailə və gənclər naziri xanım Sofi Karmasinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, yüksək səviyyəli dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin ölkələrarası münasibətlərə müsbət təsir göstərdiyini vurğulayan Baş nazir Artur Rasi-zadə Azərbaycan ilə Avstriya arasında mövcud əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini önə çəkdi. Baş nazir iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə, xüsusən qeyri-neft sektorunda, turizm və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün zəruri hüquqi bazanın və hər cür şəraitin olduğunu diqqətə çatdırdı.
Azərbaycanda ailə institutunun qədim ənənələrinin olduğunu, müasir dövrdə də qadınların cəmiyyətdə statusunun yüksəldilməsi istiqamətində bir çox nailiyyətlərin əldə edildiyini deyən Baş nazir bildirdi ki, Azərbaycan hökuməti gender bərabərliyinin təmin olunması üçün bütün vacib tədbirləri həyata keçirir.
Baş nazir Artur Rasi-zadə söhbət əsnasında qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verərək xatırlatdı ki, işğal nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün olması, Xocalı soyqırımının törədilməsi, bu yaxınlarda təxribat nəticəsində iki yaşlı balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsi və digər bu kimi vandalizm aktları Ermənistan hakimiyyətinin əsl təcavüzkar simasının göstəricisidir. Baş nazir təəssüf hissi ilə vurğuladı ki, bütün bu aşkar faktlara baxmayaraq, bəzi dövlətlərin və beynəlxalq qurumların məsələyə hələ də ikili standartlarla yanaşması ucbatından münaqişənin həlli uzanır.
Xanım Sofi Karmasin ölkəsinin Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, Bakıya səfəri müddətində azərbaycanlı həmkarları ilə geniş fikir mübadiləsi apardığını, ailə, qadın, uşaq problemlərinə dair birgə layihələr üzərində işləmək və qarşılıqlı təcrübə mübadiləsini mütəmadi davam etdirmək niyyətində olduqlarını söylədi. Qonaq, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair Avstriya hökumətinin mövqeyini bir daha bəyan etdi.
Görüşdə əməkdaşlığın möhkəmləndirilməsinə dair bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.