Xəbərlər
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsi BMT TŞ-nin iclasında qaldırılıb
Avqustun 21-də Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının “Münaqişələrin qarşısının alınması” mövzusunda açıq iclasında çıxış edib.
Münaqişələrin qarşısının alınması konsepsiyası ilə beynəlxalq mübahisələrin dinc yolla tənzimlənməsi prinsipi arasında sıx qarşılıqlı əlaqə olduğunu vurğulayan Azərbaycan səfiri qeyd edib ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verilir.
Azərbaycanın daimi nümayəndəsi onu da xatırladıb ki, beynəlxalq hüquq nəinki münaqişənin qarşısının alınması və ya tənzimlənməsi üçün müəyyən nəticəyə nail olmağı, həm də və ilk növbədə, son nəticəyə nail olmazdan əvvəl konkret normalarla tam uzlaşan proses getməsini tələb edir. Bu baxımdan vurğulanıb ki, münaqişələrin nizamlanması üzrə müvafiq mexanizmlərdən hüquqa açıq-aydın zidd olan və baş vermiş fakta əsaslanan qərarların təsbit olunması vasitəsi kimi istifadə edilə bilməz. Bu cür qərarları zorla qəbul etdirmək və ya təşviq etmək cəhdləri isə uğursuzluğa məhkumdur və bu cəhdlər möhkəm sülh, uzunmüddətli sabitlik üçün zəruri əsas yaratmağa əsla kömək etməyəcək.
Y.Əliyev təcavüzkar separatizm probleminə hərtərəfli beynəlxalq yanaşmanın zəruriliyini də qeyd edib. Təhlükəsizlik Şurasının diqqəti onun qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini, münaqişələrin gedişində törədilmiş cinayətlərə görə məsuliyyət və cəzasızlığa qarşı mübarizə kimi mühüm məsələlərə baxılarkən prinsipial mövqe tutmağın vacibliyinə yönəldilib.
Bundan sonra Ermənistanın daimi nümayəndəsi Zöhrab Mnatsakanyan çıxış edərək Azərbaycan tərəfin arqumentlərinə qarşı heç bir dəlil ilə təsdiqlənməyən standart ittihamlar irəli sürməyə cəhd göstərib. Ermənistan səfirinin çıxışı zamanı Təhlükəsizlik Şurasının üzvlərinin və iclasın digər iştirakçılarının heyrətləndiklərini görmək çətin deyildi.
Yaşar Əliyev cavab bəyanatı ilə çıxış edərək Ermənistan səfirinin beynəlxalq birliyi çaşdırmaq və öz dövlətinin ilhaqçı siyasətindən, Azərbaycan ərazisinin xeyli hissəsinin Ermənistan tərəfindən işğal edilməsi və etnik təmizləməyə məruz qalması faktından yayındırmaq üçün daha bir uğursuz cəhd göstərməsinə diqqəti cəlb edib.
Yaşar Əliyev çıxışının sonunda deyib: “Danışıqların gedişində Ermənistanın mövqeyinin qeyri-konstruktivliyi, onun mövcud status-kvo vəziyyətini saxlamaqda maraqlı olması, Madrid sülh planına riayət etməkdən boyun qaçırması, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməkdən imtina etməsi, sərt etnik təmizləmə siyasəti, habelə bu yaxınlarda törətdiyi, sülh prosesinin pozulmasına yönəlmiş təhrikçi hərəkətləri – bütün bunlar beynəlxalq birlik tərəfindən Ermənistan barəsində ciddi sanksiyalar tətbiq edilməsi üçün ən mühüm əsasdır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qalmaqda davam etməsi sülh prosesi üçün yenə də çox ciddi təhlükədir. Bununla əlaqədar, ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır. Ermənistan bunu nə qədər tez etsə, regionda sülhü, sabitliyi və vəziyyətin proqnozlaşdırılan olmasını bir o qədər tez bərpa etmək mümkün olacaqdır”.