YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan nümayəndə heyətinin rəhbəri: Avropa Şurası işğalçını öz adı ilə adlandırmalıdır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Şuranın daxilində olan ikili standartlar və qeyri-obyektiv yanaşma tam və açıq şəkildə müzakirə olundu. Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq mən Avropa Şurasının daxilində ölkəmizə qarşı, əlaqələrimizin normal inkişafına xələl gətirmək niyyəti olan belə qərəzli yanaşmaları ifşa etdim. Məsələn, Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti aparan Ermənistan AŞPA-nın bəzi üzvlərini işğal etdiyi Azərbaycan torpaqlarına dəvət edib. Onların arasında AŞPA-nın vitse-prezidenti Rene Ruke də olub. Məhz onun bu gün AŞPA-da islahatlar haqqında danışmağa nə mənəvi, nə də hüquqi haqqı var.

Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Səməd Seyidov deyib: “Biz bütün bunları AŞPA üzvlərinin diqqətinə çatdırdıq. Qeyd etdik ki, Avropa Şurası ilə əməkdaşlıq etməyə hazırıq. Avropa Şurası Azərbaycanın hüquqlarının pozulduğunu açıq şəkildə müzakirə edib işğalçını öz adı ilə adlandırsa, bu təşkilatın gələcəyi var. Amma əgər ermənilərin tərəfində dayanıb qeyri-obyektiv mövqe tutacaqsa, ikili standartları müdafiə edəcəksə, bu təşkilatın gələcəyi mümkün deyil.

Nümayəndə heyəti qeyd edib ki, bugünkü sessiyada Avropa Şurasında islahatlarla bağlı ciddi məruzə müzakirə edildi. Bu islahatlar gələcəkdə Avropa Şurasının hər bir nümayəndəsinin məsuliyyətinin artırılmasını tələb edir. Biz bunun tərəfdarıyıq. Məsuliyyətin artırılması ikili standartların aradan qaldırılmasına aparmalı, işğalçı öz adı ilə adlandırılmalıdır.

Səməd Seyidov vurğulayıb ki, Avropa Şurasında gedən proseslər ölkəmizlə bu qurum arasındakı münasibətlərin normal şəkildə inkişafına zəmin yaradır. Amma Avropa Şurasının qətnamələrində əks olunmuş Azərbaycan torpaqlarının işğalı, xalqımıza qarşı etnik təmizləmə siyasətinin aparılması, Azərbaycanın işğal altındakı torpaqlarının geri qaytarılması və Avropa Şurası tərəfindən qəbul olunmuş qətnamələrin həyata keçirilməsi kimi məsələlər öz həllini tapmalıdır. Qurumun iclaslarında bu məsələlər olduğu kimi əks etdirilməlidir. Biz məsələlərin konkret və obyektiv şəkildə müzakirə olunmasının tərəfdarıyıq. Əgər ikili standartlar yenə də baş alıb gedəcəksə biz buna qarşı çıxacağıq.