Xəbərlər
Çin Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etməkdə maraqlıdır
Çin Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etməkdə maraqlıdır.
“Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu fikir “Azərbaycan Dəmir Yolları” QSC-də Çinin Ninsia-Huy Muxtar Rayonu Kommersiya Departamentinin baş direktorunun müavini, Ninsia Liman Ofisinin direktoru Kun Quoxuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, o cümlədən inşası bu il başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan tərəfi Çinin “Bir kəmər - bir yol” strategiyasının iki istiqamətindən biri olan və Qədim İpək Yolu üzərində yerləşən ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasına böyük töhfələr verə bilər. Azərbaycan ərazisindən keçən marşrutlar daha çox iqtisadi potensiala malikdir.
Sonra beynəlxalq yükdaşımalarının səmərəliliyinin artırılması və təşkili məsələsi müzakirə olunub.
Çinin Ninsia-Huy Muxtar Rayonu Kommersiya Departamentinin baş direktorunun müavini, Ninsia Liman Ofisinin direktoru Kun Quoxua Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etməkdə maraqlı olduqlarını bildirib.
Görüşün sonunda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Ninsia-Huy Kommersiya Departamenti arasında Bakı Dəniz Ticarət Limanından istifadə sahəsində niyyət protokolu imzalanıb. Protokolda Bakı Dəniz Ticarət Limanının coğrafi üstünlüklərini və təchizatlarını nəzərə alaraq, buranın Azərbaycan və Xəzər dənizi ərazisindən keçərək Çindən Avropaya, İrana və Rusiyaya, eyni zamanda əks istiqamətdə gedən yüklərin daşınmasında regional toplayıcı və paylayıcı mərkəz kimi istifadə olunması üçün əməkdaşlığın qurulması maraqları ifadə olunub.