Xəbərlər
Hadi Rəcəbli: "İşsizlikdən sığorta haqqında" qanunda işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılması və bu fondun maliyyələşməsi ilə bağlı detallar əksini tapıb
Milli Məclisin bu gün keçirilən iclasında "İşsizlikdən sığorta haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. H.Rəcəbli bildirib ki, 4 fəsil, 26 maddədən ibarət olan qanun layihəsində işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılması və bu fondun maliyyələşməsi ilə bağlı detallar əksini tapıb. H.Rəcəbli deyib ki, qanun layihəsi işsizliyin qarşısının alınması, ixtisarların olmaması üçün nəzərdə tutulub. Qanun layihəsinə əsasən, Azərbaycanda işsizlərə sığortadan ödəniləcək vəsaitlərin mənbələri müəyyənləşib. Yeni hazırlanan "İşsizlikdən sığorta haqqında" qanun layihəsinin 21-ci (işsizlikdən sığorta vəsaitlərinin mənbələri) maddəsində əksini tapıb. Göstərilən maddədə qeyd edilib ki, işsizlikdən sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır: - bu qanunla müəyyən qaydada ödənilən sığorta haqları; - bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalar; - "Qrant haqqında" qanuna uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar; - bank kreditləri; - qanunla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulan digər mənbələr.
H.Rəcəbli qeyd edib ki, sığorta fonduna 90 mln. manat vəsaitin yığılması təmin olunacaq: "Bununla da, işsizliyə görə müavinət 2016-cı il ilə müqayisədə 3 dəfə çox olacaq və daha çox insana işsizliyə görə müavinət vermək mümkün olacaq". Qeyd edək ki, qanun layihəsində işsizlikdən sığorta üzrə işçinin əmək haqqının 0,5%-i, sığortaedən tərəfindən isə hesablanmış əməyin ödənişi fondunun 0,5%-i sığorta haqqının ödənilməsini nəzərdə tutur. Qanun layihəsində sığorta ödənişinin 3 növü - əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi müəyyən edilib. Layihəyə görə sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əmək haqqının məbləğinə müəyyən faiz dərəcələri tətbiq olunmaqla hesablanır. Başqa sözlə, işçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əmək haqqının məbləğinin 50%-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55%, sığorta stajı 10 ildən yuxarı olduqda 60% məbləğində işsizliyə görə aylıq sığorta ödənişi veriləcək. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq I oxunuşda qəbul edilib.