Xəbərlər
İlham Məmmədov: İqtisadiyyatın şaxələndirilməsi tədbirlərinin uğurla yerinə yetirilməsi ciddi nəticələr verməkdədir
«Ölkəmizdə möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılıb». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinin uğurla yerinə yetirilməsi ciddi nəticələr verməkdədir. Onun sözlərinə görə, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun inkişafı uğurla davam edir.
«Eyni zamanda, ölkəmizdə azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaradılıb. Bu da özəl sektorun inkişafında mühüm rol oynayır. Bu reallıqlar müvafiq beynəlxalq maliyyə-iqtisadi təşkilatlarının açıqladıqları hesabatlarda da özünü göstərir. Belə ki, həmin hesabatlarda Azərbaycan müsbət yerlərdə qərarlaşır. Bu da ölkəmizin iqtisadiyyatının möhkəm əsaslar üzərində qurulduğunu göstərir»- deyə, deputat qeyd edib.