YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oyuncaq xuntada Azərbaycanın Qarabağ üzərində yurisdiksiyası etiraf edilib

Qondarma “Dağlıq Qarabağ Respublikası” adlanan oyuncaq xunta yanında mülki aviasiya idarəsinin rəisi Dmitri Adbaşyan Ermənistanda çıxan “Aykakan jamanak” qəzetinə müsahibəsində Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edib və bununla da “miatsum” barədə mifin əsassızlığını sübut edib.

O deyib: “Aeroport (Xocalı aeroportu) istənilən vaxtda uçuşlar keçirə bilər, lakin bunun üçün Azərbaycanın icazəsi zəruridir”.

Mülki aviasiya işçisi olan insan bunu bilməyə bilməz ki, hava limanlarının fəaliyyət göstərməsinə icazəni yalnız müvafiq aeroportun yerləşdiyi ərazi üzərində yurisdiksiyaya malik olan qanuni hökumət verir. Əgər Dmitri Adbaşyan Xocalı aeroportunun işləməsi üçün Azərbaycanın icazə verməsinin zəruri olduğunu deyirsə, deməli o, Bakının Dağlıq Qarabağ üzərində yurisdiksiyasını tanıyır. Lakin bir halda ki, bu sözləri “DQR hökuməti”ni təmsil edən adam deyir, deməli bu, bütün xuntanın fikridir.

Adbaşyanın sözlərinə görə hər şey Azərbaycanın xoş məramından asılıdır, lakin “bu ölkə belə məram göstərmir”. Bax, buna əsil erməni fitnəkarlığı deyərlər. Soruşmaq lazımdır, nə üçün Ermənistan xoş məram nümayiş etdirərək Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf etmək istəmir?! Qəribə vəziyyət yaranır – ermənilər başqa ölkənin torpaqlarına soxulublar, onun ərazisinin bir hissəsini işğal ediblər, indi də “xoş məram” barədə danışırlar.

Adbaşyan daha sonra birdən-birə “insan haqları”nı xatırlamağa başlayır. O deyir: “Bizə müxtəlif beynəlxalq təşkilatlardan olan adamlar gəlir, suallar verirlər. Mən hamıya izah edirəm: siz İnsan Haqları Bəyannaməsini qəbul etmisiniz, onu Ermənistan da, Azərbaycan da, Türkiyə də imzalayıb. Bu Bəyannamədə yazılıb ki, insan haqlarının həmin insanların yaşadığı ərazinin statusuna dəxli yoxdur. Bu ərazi tanınmış olsa da, olmasa da, hər kəsin bərabər hüquqları, o cümlədən yerdəyişmə azadlığı hüququ var”.