Xəbərlər
Şahin İsmayılov: IV İslam Həmrəyliyi Oyunları nəticə etibarilə ilk növbədə İslam həmrəyliyini gücləndirəcək
«Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları dünyanın idman tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan bu möhtəşəm tədbirə yüksək səviyyədə ev sahibliyi etməklə bir daha öz gücünü və qüdrətini nümayiş etdirdi». Bu fikirləri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Ş.İsmayılov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə müsəlman dövlətləri ilə münasibətlər xüsusi yer tutur. Onun sözlərinə görə, Azərbaycan hər zaman bu ölkələrlə fəal əməkdaşlıq niyyətlərini nümayiş etdirib və bu istiqamətdə uğurlu siyasət həyata keçirir.
«IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasında birlik və həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm tədbir oldu. Oyunların Təşkilat Komitəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sədrlik etməsi bu beynəlxalq idman tədbirin çox yüksək səviyyədə baş tutması üçün başlıca əsaslardan biridir. Bu tədbir həmçinin, Azərbaycanı istəməyən qüvvələrə, islamofob qüvvələrə Azərbaycan reallıqları ən tutarlı cavabdır. Çünki müəyyən beynəlxalq dairələr müsəlman dövlətləri arasında həmrəyliyin olmasının istəmir və bu dövlətləri parçalamaq üçün çirkin siyasət həyata keçirirlər. Bu məqsədlə bir sıra ölkələrdə daxili münaqişələr yaradıblar. Bunun nəticəsində də milyonlarla insanlar öz doğma yurd-yuvalarını tərk edərək digər ölkələrə üz tutublar. Bütün bunların fonunda müsəlman ölkələri arasında münaqişələrin, mübahisəli məsələlərin həll edilməsində, xalqlar arasında dostluq münasibətlərinin yaranmasında İslam Oyunlarının əhəmiyyəti böyükdür. Bu baxımdan, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçrilməsi həm ölkəmiz, həm iştirakçı dövlətlər, həm İslam dünyası, həm də bütövlükdə dünya üçün böyük əhəmiyyətə malikdir. Hesab edirəm ki, nəticə etibarilə bu oyunlar ilk növbədə İslam həmrəyliyini gücləndirəcək. Eyni zamanda, bir daha Azərbaycanın bütün dünyada nüfuzlu dövlət kimi mövqeyini daha da gücləndirəcək»- deyə, millət vəkili qeyd edib.