YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sofiyada nəşr olunan “Avropa 2001” jurnalının növbəti sayı Azərbaycana həsr edilib

Bolqarıstanda ildə 4 dəfə nəşr olunan “Avropa 2001” jurnalının növbəti sayı Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin 25-ci ildönümünün qeyd olunması çərçivəsində ölkəmizə həsr olunub. Mayın 30-da ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbul zamanı sözügedən jurnalın təqdimatı olub.

Qeyd edək ki, 1994-cü ildən 2500 tirajla nəşr edilən jurnal müxtəlif Avropa ölkələri, onların iqtisadiyyatı, mədəniyyəti, ənənələri, sosial həyatı barədə geniş oxucu kütləsinə ətraflı məlumat verir. Bolqar dilində nəşr edilən jurnal bu ölkədə akkreditə olunan səfirliklər, o cümlədən mədəniyyət institutları ilə yaxından əməkdaşlıq edir. Nəşrin hər sayı bir ölkəyə həsr olunur. Adətən ölkənin təqdimatı həmin ölkənin yüksək vəzifəli rəsmisinin müsahibəsi ilə başlayır. Geniş oxucu kütləsinə malik jurnal Yunanıstan, İrlandiya, Çexiya, İsveç, Norveç, İtaliya, Rusiya, Ukrayna, Belarus, Finlandiya, Danimarka, Portuqaliya, Almaniya, İspaniya, Slovakiya, Avstriya, Sloveniya, Polşa, Kuba, Xorvatiya, Mərakeş, Qazaxıstan, Türkiyə, o cümlədən Azərbaycan ilə tərəfdaşlıq edir.

Jurnalın Azərbaycana həsr olunan sayında ölkəmizin tarixi, təbiəti, iqtisadiyyatı, Azərbaycanın multikulturalizm modeli, ölkəmizdə xristianlığın tarixi, Azərbaycan mədəniyyəti, musiqisi, o cümlədən muğamı, aşıq sənəti, milli rəqsləri, mətbəxi, idman tarixi, şəhərləri, memarlıq nümunələri, xüsusilə dünya memarlığının incilərindən olan Heydər Əliyev Mərkəzi, Azərbaycan ədəbiyyatının parlaq nümunələrindən olan Nizami Gəncəvi, Məhsəti Gəncəvi və Xurşidbanu Natəvanın həyat və yaradıcılığı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan və Bolqarıstan arasında əlaqələr, qardaşlaşmış şəhərlər barədə bolqar oxucularına ətraflı məlumat verilir.

Azərbaycan şirkətlərinin məhsulları, xüsusən “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsulların və təqdim olunan xidmətlərin Bolqarıstanda təbliği məqsədilə jurnalın reklam üçün ayrılan bölməsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Gəncə Şərab-2” ASC-nin reklamları yerləşdirilib.