Gündəm
Prezident İlham Əliyev: Biz müstəqil ölkə kimi səsimizi bütün tribunalardan ucalda bilirik, mövqeyimizi müdafiə edə bilirik
“1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik istiqamətində çox önəmli addımlar atılmışdır və bir neçə il ərzində sabitlik tam bərpa olunmuşdur, Azərbaycan dünyada öz layiqli yerini tutmağa başlamışdır. Ancaq o vaxt iqtisadiyyat demək olar ki, dağılmışdı. İnflyasiya 1000 faizdən çox idi. Sənaye istehsalı demək olar ki, dağılmışdı və iqtisadi cəhətdən inkişaf üçün böyük perspektivlər yox idi. Aydındır ki, iqtisadiyyatı olmayan ölkə heç vaxt real müstəqilliyə nail ola bilməz. Bax, bu gün bizim müstəqilliyimiz təkcə dövlət atributları ilə ölçülmür. Bizim müstəqil xarici siyasətimiz var, müstəqil daxili siyasətimiz var. Bizim güclü iqtisadiyyatımız var, maliyyə resurslarımız var. Biz öz hesabımıza yaşayırıq və buna görə də müstəqil ölkə kimi səsimizi bütün tribunalardan ucalda bilirik, mövqeyimizi müdafiə edə bilirik. O vaxt isə Azərbaycan müəyyən dərəcədə asılı vəziyyətdə idi, pulumuz yox idi, xəzinə boş idi, iqtisadiyyat iflic vəziyyətinə düşmüşdü. Odur ki, Heydər Əliyevin neft strategiyasının nə dərəcədə əhəmiyyətli olması bir daha gözümüzün önündə canlanır. Çünki o vaxt “Əsrin kontraktı”nın imzalanması ilə vəziyyət tamamilə dəyişildi və Azərbaycan böyük həcmdə xarici sərmayəni cəlb edə bildi.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Sərgi Mərkəzində XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında çıxışı zamanı səsləndirib.