Xəbərlər
Mariya Zaxarova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti dərin hörmət və heyranlıq doğurur
Azərbaycanın Birinci vitse-prezidenti, respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti dərin hörmət və heyranlıq doğurur. Bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ölkəmizin Rusiyadakı səfirliyinin Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə təşkil etdiyi təntənəli qəbulda “Vestnik Kavkaza” agentliyinə müsahibəsində bildirib.
O deyib: “Mən birinci dəfə Bakıya gələndə (o vaxtdan çox keçməyib) şəhəri müasir görkəmində gördüm və onun necə bir məhəbbət və qayğı ilə qurulmasına valeh oldum. Şəhərdə mövcud olan bütün gözəlliklər, bütün tarixi yerlər qabardılmışdı”.
M.Zaxarova daha sonra deyib: “O vaxt asudə vaxtımız oldu və bir neçə saat ərzində bizə şəhərin qədim hissəsini göstərdilər. Mən bütün bu muzeyləri və dekorativ-tətbiqi sənət sərgilərini görəndə soruşdum: qədimiliyi, ənənələri, bütün bu mədəni sərvəti müasir texnologiyalarla belə müvəffəqiyyətlə uyğunlaşdırmaq necə mümkün olub? Mənə dedilər ki, birinci xanım Mehriban Əliyeva bu işə böyük töhfə verib. Bundan sonra onun gördüyü işlər barədə yazılanları oxumağa, onlarla tanış olmağa başladım və onun işinə valeh oldum. Bu barədə hətta Azərbaycanın Moskvadakı səfiri ilə danışmışam və bütün bunların həqiqət olub-olmadığını soruşmuşam və o da hamısını təsdiq edib”.
Mariya Zaxarova vurğulayıb: “Bundan sonra Bakıda dəfələrlə olmuşam və şəhərin gündən-günə daha maraqlı, daha yaraşıqlı və müasir olduğunu görmüşəm. Mən Mehriban Əliyevanın bütün bu layihələrə necə hamilik etdiyini izləməyə davam edirəm və demək istəyirəm ki, onun işi dərin hörmət və heyranlıq doğurur”.